DÜNYA
Antarktidada bir trilyon ton ağırlığı olan aysberq qopub
Bakı, 12 iyul, AZƏRTAC
Antarktida şelfində indiyədək qeydə alınan ən böyük aysberqlərdən biri qopub. Onun ağırlığının təxminən bir trilyon ton, sahəsinin isə dörd London böyüklüyündə olduğu bildirilir.
AZƏRTAC xəbər verir ki, BBC telekanalının məlumatına görə, hadisə mütəxəssislər üçün gözlənilməz olmayıb. Onlar uzun müddətdən bəri müşahidələr aparır və bilirdilər ki, bu, gec-tez baş verəcək. Antarktidanın şərq hissəsindəki “Larsen C” buzlağının dağılması prosesi 2014-cü ildə başlayıb. Vaxtilə “Larsen” üç böyük buzlaqdan ibarət olub və indi onların sonuncusu parçalanıb.
Britaniyanın Project MİDAS tədqiqat qrupu 5 min 800 kvadratkilometrlik aysberqin qopmasının NASA tərəfindən görüntüləndiyini bildirib. Bununla da “Larsen C” buzlağının həcmi 12 faiz azalıb.
Qalınlığı təxminən 200 metrə çatan aysberq sərbəst üzməyə başlayıb. Əgər külək və axın onu Antarktidanın şimalına yönəldərsə, gəmiçilik üçün real təhlükə yaranacaq. Aysberqi diqqətlə izləyən mütəxəssislər isə ümid edirlər ki, o, uzağa üzməyəcək.