CƏMİYYƏT
Antenatal qulluğun səviyyəsi, əhatəsi və keyfiyyəti daha da artır
Bakı, 21 fevral, AZƏRTAC
Respublika Perinatal Mərkəzində KİV nümayəndələrinin iştirakı ilə antenatal qulluğun (doğuşaqədər nəzarət) təşkili mövzusuna həsr edilmiş tədbir keçirilib.
Səhiyyə Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə antenatal qulluğun hazırkı səviyyəsi və əldə olunan nailiyyətlər barədə iştirakçılara məlumat verildi. Qeyd olundu ki, hazırda hamilə qadınlara ərazi tibb müəssisələrində, qadın məsləhətxanalarında və digər müəssisələrdə yüksək səviyyədə zəruri müayinə və müalicə xidmətləri göstərilir.
Eyni zamanda tədbirdə, antenatal qulluğun qadın məsləhətxanalarında göstərildiyi, hamiləliyin analar üçün çox həssas bir dövr olduğu və bu dövrdə onlara xüsusi nəzarətin tələb olunduğu vurğulandı.
Bildirildi ki, hər bir hamilə ilk gündən qadın məsləhətxanasında qeydiyyata düşməli, mütəmadi olaraq həkim müayinəsindən keçməlidir. Hər bir normal hamiləlikdə antenatal qulluq 7 gəlişdən ibarətdir. Lakin müayinələr zamanı hər hansı bir patologiya aşkarlanarsa, həkim müvafiq stasionara daha dolğun müayinə və müalicə məqsədi ilə göndərişlə hospitalizə oluna bilər.
Bütün hamiləlik boyu qadının bir tibb işçisinin nəzarəti altında olması məqsədəuyğundur. Hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının tibb müəssisəsinə hamiləliyin 12-ci həftəsinə qədər, 18-20-ci, 26-28-ci, 30-32-ci, 34-36-cı, 38-ci, 40-cı həftəsində gəlişi tövsiyə olunur
Tədbirdə son illərdə erkən nikahların sayının azalması mövzusuna da toxunuldu. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, ilk hamiləlik 18-25 yaş arasında olmalıdır. Məhz bu yaş dövründə gənc analar mövcud problemləri daha az yaşayırlar.