CƏMİYYƏT


Antibiotiklərdən yalnız həkimlərin təyinatı əsasında istifadə etmək olar

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Səhiyyə Nazirliyi tərəfindən noyabrın 16-da Bakı Sağlamlıq Mərkəzində Ümumdünya Antibiotiklərdən Səmərəli İstifadə Həftəsi ilə əlaqədar maarifləndirici seminar keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Bakı Sağlamlıq Mərkəzinin, həmçinin Dünya Səhiyyə Təşkilatının Bakı nümayəndəliyinin əməkdaşları iştirak ediblər. Görüşdə qeyd olunub ki, kampaniyanın məqsədi antibiotiklərə qarşı davamlılıq kimi qlobal bir problemə dünya ictimaiyyətinin diqqətini cəlb etmək, eyni zamanda, bu sahədə qabaqcıl təcrübəyə əsaslanan məlumatları əhalinin geniş təbəqəsinin, o cümlədən səhiyyə işçilərinin və siyasi qərarlar verəcək şəxslərin nəzərinə çatdırmaqdır. Ötən ilin may ayında Ümumdünya Səhiyyə Assambleyasının 68-ci sessiyasında antibiotik və digər dərman preparatlarına davamlılıq probleminin həlli üçün Qlobal Fəaliyyət Planı razılaşdırılıb. Bu planın əsas məqsədlərindən biri effektiv kommunikasiya, təhsil və tədris hesabına məlumatlandırmanın yaxşılaşdırılması və bu problemin daha dərindən dərk edilməsidir.

Kampaniyanın şüarı belə səslənir: “Antibiotiklərdən ehtiyatla istifadə edin!” Antibiotiklərdən yalnız həkimlərin təyinatı əsasında bakterial infeksiyaların müalicəsində istifadə etmək olar.

Dünya Səhiyyə Təşkilatı bütün üzv ölkələri, səhiyyə sahəsindəki tərəfdaşları, təhsil müəssisələrini və əhalini bu kampaniyada iştirak etməyə və antibiotiklərə qarşı dayanıqlılıq problemi haqqında maarifləndirmə tədbirlərini gücləndirməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.