İQTİSADİYYAT


Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hüquqi və fiziki şəxslərə müraciət edib

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tütünün və tütün məmulatının, həmçinin şərabçılıq məhsullarının satışını həyata keçirən hüquqi və fiziki şəxslərə müraciət edib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, tütünün və tütün məmulatının istehsalı və dövriyyəsi "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir. Həmin qanuna görə tütünün və tütün məmulatının satışı məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda; tütün məmulatları aksiz markası ilə markalanmadıqda; tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müəyyən edilmiş yuxarı həddən çox olduqda; məmulatın qutusu üzərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri barədə xəbərdarlıq yazısı olmadıqda; məmulatın markalanması və qutularının tərtibatı müvafiq normativ sənədlərin tələblərinə uyğun aparılmadıqda; 18 yaşına çatmamış şəxslərə satıldıqda; avtomatlar vasitəsilə satıldıqda; siqaret, papiros və siqarillalar ədədlə satıldıqda qadağandır.

Zəruri hallarda tütün məmulatı satıcılarının alıcılardan onların yaşını təsdiq edən sənədi tələb etmək hüququ var. Tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir.

Tütün məmulatının satışını həyata keçirən pərakəndə ticarət obyektlərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışının qadağan edilməsi, habelə tütün məmulatından istifadənin məhdudlaşdırılmasına xidmət edən məlumatlar yerləşdirilməlidir.

Eyni zamanda, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən şərabçılıq məhsullarının topdan və pərakəndə satışı zamanı hüquqi və fiziki şəxslər bir sıra tələblərə əməl etməyə, o cümlədən istehlakçıların məlumat alma hüquqlarını təmin etməyə borcludur. Belə ki, "Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa görə şərabçılıq məhsullarının saxtalaşdırılması müəyyən olunduqda; aksiz markası ilə markalanmadıqda və ya saxta aksiz markaları ilə markalandıqda; istehsal markasına uyğun gəlmədikdə; məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda; keyfiyyəti, qablaşdırılması və etiketləşdirilməsi qüvvədə olan standartların tələblərinə və gigiyenik normativlərə uyğun gəlmədikdə; alıcılar 18 yaşına çatmamış şəxslər olduqda; məhsulun süzüldüyü qab daxildən və ya xaricdən çirkli, çöküntülü, sınıq və ya zədəli olduqda pərakəndə satışı qadağandır.

Küçələrdə, əllərdə, hərbi, təhsil və tibb müəssisələrinin ərazilərində, kütləvi tədbirlər və idman yarışları keçirilən yerlərdə, yataqxanalarda, onlara bitişik ərazilərdə və bələdiyyələr və müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş digər yerlərdə şərabçılıq məhsullarının pərakəndə satışına yol verilmir.

Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmək olar: (əlaqə telefonları: (012) 498-15-01 və (012) 498-15-04).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.