CƏMİYYƏT
Antikorrupsiya Şəbəkəsinin ekspert qrupu Azərbaycanda səfərdə olub
Bakı, 25 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, Azərbaycan Respublikasının prokurorluq orqanları bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün Antikorrupsiya Şəbəkəsi (ACN) ilə səmərəli əməkdaşlığı uğurla davam etdirir.
Cari il aprelin 21-22-də Parisdə ACN-in Rəhbər Qrupunun 20-ci görüşündə IV Monitorinq Raundu üzrə qabaqcıl ölkələr kimi, Azərbaycanın Gürcüstan ilə yanaşı, monitorinq mərhələsinə daxil olması müəyyən edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 20-24-də Şəbəkənin on nəfərdən ibarət ekspert qrupu Azərbaycanda səfərdə olub. Dördüncü Monitorinq mərhələsi çərçivəsində ekspert qrupunun üzvləri ilə bir sıra dövlət orqanlarının nümayəndələri, eləcə də müxtəlif rayon (şəhər) və Apellyasiya məhkəmələrinin hakimləri arasında antikorrupsiya siyasəti və qurumları, biznesdə dürüstlük, korrupsiyaya dair cinayət qanunvericiliyi və onun praktikada tətbiqi, dövlət qulluğunda dürüstlük, korrupsiya cinayətlərinin ibtidai istintaqı, dövlət ittihamının müdafiə edilməsi və cəzalandırılma, dövlət rəsmilərinin dürüstlüyü, məhkəmə sistemində və prokurorluqda dürüstlük, təhsil sektorunun ətraflı qiymətləndirilməsi, dövlət idarəçiliyində məsuliyyət və şəffaflıq, dövlət satınalmalarında şəffaflıq adlı panellərdə görüşlər və müzakirələr keçirilib.
Bundan əlavə, ekspert qrupunun üzvləri Milli Məclis, Təhsil Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasına səfər edərək bir sıra görüşlər keçirib, 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.
Sonda Azərbaycan üzrə müvafiq monitorinq hesabatın Şəbəkənin 2016-cı ilin 14-16 sentyabr tarixlərində Parisdə keçirəcək növbəti iclasında qəbul edilməsi nəzərdə tutulub.