DÜNYA


Antoniu Quterriş BMT-nin yeni Baş katibi seçiləcək

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Bu gün Nyu-Yorkda yerli vaxtla səhər saat 10:00-da (Bakı vaxtilə 18:00-da) Birləşmiş Millətlər Təşkilatının yeni baş katibinin namizədliyi təsdiq olunacaq. BMT-nin Baş katibi postuna Portuqaliyanın keçmiş Baş naziri Antoniu Quterriş iddia edir. Qaydalara görə, yeni baş katib Təhlükəsizlik Şurası üzvlərinin əksəriyyətinin səsini qazanmalı və veto hüququna malik 5 ölkədən “əleyhinə” səs almamalıdır.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, oktyabrın 5-də səsvermənin 6-cı raundunda Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü Antoniu Quterrişin namizədliyinə səs verib, 2-si isə bitərəf qalıb. Həmçinin o, əleyhinə bir səs belə verilməyən yeganə namizəddir.

Bundan sonra Təhlükəsizlik Şurası müvafiq qətnamə qəbul edərək Quterrişin namizədliyini BMT Baş Assambleyasının müzakirəsinə göndərəcək. Assambleyanın 193 üzvünün isə portuqaliyalını yeni baş katib postuna problemsiz olaraq təsdiqləyəcəyi gözlənilir.

67 yaşlı Antoniu Quterriş Portuqaliya Sosialist Partiyasının Baş katibi olub, sonradan ölkə parlamentinə başçılıq edib və 10 il BMT-nin qaçqınlar üzrə komitəsinin ali komissarı postunu tutub.

Quterriş ikinci beş illik müddətini başa vuran koreyalı diplomat Pan Gi Munu əvəz edərək BMT-nin 9-cu baş katibi olacaq və 2017-ci il yanvarın 1-dən etibarən vəzifəsinin icrasına başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.