SİYASƏT


Antonius Broek: Azərbaycan BMT və onun qurumları ilə çox sıx əməkdaşlıq edir

Bakı, 12 iyun (AzərTAc). Azərbaycan BMT və onun qurumları ilə sıx əməkdaşlıq edir. İnanıram ki, bu əməkdaşlıq daha da güclənəcək və inkişaf edəcəkdir.
Bu sözləri BMT İnkişaf Proqramının Azərbaycanda rezident əlaqələndiricisi Antonius Bernardus Broek AzərTAc-a məxsusi müsahibəsində söyləmişdir.
- Azərbaycanın BMT ilə əlaqələrinin mövcud vəziyyəti barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Azərbaycanın BMT ilə əlaqələri yüksək səviyyədədir. Ölkənizin BMT ilə yanaşı, onun qurumları ilə də əməkdaşlığının səviyyəsi məmnunluq doğurur. Məlumdur ki, Azərbaycan 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Mən bunu həm də dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfələri nümayiş etdirmək baxımından Azərbaycan üçün bir şans kimi dəyərləndirirəm.
Azərbaycanda sürətli inkişaf prosesi gedir. Ölkənizə təyin olduğum qısa müddət ərzində bu inkişafın şahidi oldum. Xüsusilə Azərbaycanın iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Azərbaycan öz siyasi və iqtisadi sistemini yeniləşdirməklə ölkənin müasir norma və standartlara uyğun inkişafını əsas üstünlük hesab edir. Bu prosesin mühüm tərkib hissəsi kimi demokratiyanın inkişafı, qərarların qəbulunda və siyasi müzakirələr prosesində ictimaiyyətin fəal iştirakı məsələlərini qeyd etmək olar. Qloballaşmanın regional inteqrasiyaya təsiri, elektron idarəetmə, demokratiya, liberallaşma və başqa proseslərdə Azərbaycan vahid strateji yanaşma nümayiş etdirir. Mən əlaqələrimizin gələcəkdə yeni istiqamətdə daha da genişləndirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm.
- Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Bu, gələcək üçün vacib amildir. Azərbaycan dünyanın bir çox ölkələrinə ixrac oluna biləcək zəngin neft və qaz yataqlarına malikdir. Avropanın enerji marşrutlarının şaxələndirilməsinə ehtiyacı vardır. Regionda Azərbaycanın təşəbbüsü ilə irimiqyaslı layihələr həyata keçirilir. Bu, Azərbaycana enerji resurslarını Avropaya ixrac etməyə imkanlar açmaqla yanaşı, regionun davamlı inkişafına da şərait yaradır. Bununla Azərbaycan regionda iqtisadiyyatın daha da inkişaf etdirilməsinə nail olacaqdır.
- BMT-nin Azərbaycanda həyata keçirəcəyi proqramlar bərədə nə deyə bilərsiniz?
- BMT Azərbaycanda bir sıra layihələr həyata keçirməyi planlaşdırır. Elmi dairələrlə fikir mübadiləsinin aparılması bu sahədə biliklərin ortaya çıxarılmasında mühüm rol oynayır. 2015-ci ildən sonrakı dövrdə inkişafın gündəliyinə qlobal iqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi, ətraf mühitin deqradasiyası, səhiyyə riskləri kimi həyati əhəmiyyətli problemlərin də daxil edilməsi müzakirələrdə əksini tapmışdır. Bu, ilk növbədə yoxsulluğun kəskin azaldılması, insanların rifahının əhəmiyyətli dərəcədə yüksəldilməsi, müasirləşdirilmiş təhsil və səhiyyə müəssisələrinin yaradılması məqsədlərini daşımalıdır. Biz Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə informasiya-kommunikasiya texnologiyaları strategiyasının daha geniş yayılması istiqamətində işlərimizi davam etdiririk. Bundan başqa, UNİCEF uşaqlarla bağlı layihələr həyata keçirir. Azərbaycan bu problemlərin həlli ilə indidən ciddi məşğuldur. Böyük uğurlara nail olmuşdur. Azərbaycan kimi iqtisadiyyatı gündən-günə güclənən ölkələrdə təhsil, səhiyyə və digər sahələrdə keyfiyyətin artırılması mühüm addımlardan biridir.
- “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını qəbul etmişdir. İstərdik ki, bu barədə fikirlərinizi bölüşəsiniz.
- “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ən vacib və uzunmüddətli proqramlardan biridir. Bu proqramı reallaşdırmaq üçün Azərbaycanda möhkəm baza yaradılmışdır. Son illərdə Azərbaycanda sosial problemlərin səmərəli həllində böyük irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsi sistemi qabaqcıl beynəlxalq standartlara uyğun surətdə yenidən qurulmuşdur. Bu konsepsiya ölkənin çox mühüm hədəflərə çatmaq niyyətini əks etdirir. Hazırda Azərbaycanda vətəndaş cəmiyyəti coşqun inkişaf dövrünü yaşayır. Azərbaycanda insan hüquqları, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat, sosial məsələlər, ekologiya, gender və digər sahələrə aid bir sıra qurumlar fəaliyyət göstərməkdədir. Dövlət səviyyəsində qəbul edilən proqramlar, konsepsiya və strategiya xarakterli sənədlər, onların əməli icrası bu siyasətin reallaşdırılması mexanizmi kimi vacib əhəmiyyət kəsb edir. Hazırda bir sıra dövlət proqramı, strategiya və konsepsiya ölkənin ictimai həyatının bütün sahələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir. Bu, həmçinin 2015-ci ildən sonrakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsinə də töhfəsini verəcəkdir. Hazırda bütün dünya diqqətini Minilliyin İnkişaf Məqsədlərinə nail olmağa yönəltməlidir. Biz bu müzakirələri vətəndaş cəmiyyətlərinin, özəl sektorun, qadınların, qaçqınların və məcburi köçkünlərin nümayəndələri ilə apardığımız dialoqlarda əslində necə dünya qurmaq istədiyimizi diqqətə çatdırmaq marağındayıq.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinizi bilmək istərdik.
- Bu, bir həqiqətdir ki, minlərlə insan münaqişədən əziyyət çəkir. Bildiyiniz kimi, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələr qəbul etmişdir, lakin bu sənədlərə hələ də əməl olunmur. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmalıdır. BMT münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. BMT, həmçinin istənilən ölkə ilə dostluq münasibətlərinin qurulması və inkişafında maraqlıdır. Ümid edirəm ki, ATƏT-in Minsk qrupu və problemin həlli istiqamətində danışıqlara cəlb olunan digər qurumlar uğurlu nəticəyə nail olacaqlar. BMT olaraq bizim əsas məqsədimiz regionda sülh və sabitliyin təmin olunmasıdır.
- Azərbaycan və BMT-nin İnkişaf Proqramı arasında ikitərəfli əməkdaşlığın gündəliyində hansı əsas məsələlər vardır?
- Biz Azərbaycan ilə gələcəkdə də elektron idarəetmə, İKT, qadınlara və uşaqlara qayğının artırılması sahələrində əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. Gündəlikdə bu sahələrdə sazişlərin imzalanması vardır. Azərbaycanın Əfqanıstana yardım məsələsinə dəstəyini yüksək qiymətləndiririk. Azərbaycanın bu kimi addımları alqışlanmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır