DÜNYA


“Antonov” müəssisəsi ilə Çin arasında “Mriya” təyyarələrinin seriyalı istehsalı barədə razılaşma əldə edilib

A+ A

Kiyev, 1 sentyabr, AZƏRTAC

Ukraynanın “Antonov” dövlət müəssisəsi Çinin “Aerospace Industry Corporation of China” şirkəti ilə birlikdə dünyada ən böyük nəqliyyat təyyarəsi olan An-225 “Mriya” təyyarəsinin müştərək istehsalına dair razılıq əldə edilməsi barədə məlumatı təsdiq edib. AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bu barədə “Antonov” müəssisəsinin mətbuat xidmətinin press-relizində məlumat verilib.

Razılaşmaya əsasən iki mərhələ nəzərdə tutulur. Birinci mərhələdə “An-225”in hazırda Kiyev zavodunda yığılma prosesində olan ikinci nüsxəsi üzərində iş tamamlanacaq, ikinci mərhələdə isə bu unikal təyyarənin seriya ilə istehsalına başlanacaq. Bu o deməkdir ki, “Antonov” həmin təyyarə barədə hüquqlarını itirməyib, sadəcə onun istehsalı üçün tərəfdaş tapıb. Çin tərəfi isə Ukrayna konstruktor bürosunun unikal texnologiyalarını əldə edib və bu təyyarələri Çinin özündə istehsal etmək hüququ qazanıb.

“Antonov” çinli tərəfdaşlarla bu ilin may ayından danışıqlar aparırdı. KİV-lərdə yayılan məlumata görə, Çində ilk “Mriya” təyyarəsi 2019-cu ilə qədər yığılacaq.

Xatırladaq ki, An-225 “Mriya” O.K.Antonov adına Təcrübi-Konstruktor Bürosunda yaradılmış çox böyük yükqaldırma qabiliyyətinə malik olan reaktiv nəqliyyat təyyarəsidir.

Ukraynada istehsal edilən An-225 “Mriya” təyyarəsi kütləsi 200 tona qədər (yəni, təxminən 50 avtomobilin kütləsi qədər) yük daşıya bilər. Bu hava gəmisi öz fenomenal xarakteristikalarına görə 250-yə yaxın dünya rekordu müəyyən edib.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.