İQTİSADİYYAT


Antverpen miqrantlar və brilyantlar şəhəridir: incəsənət və kulinariya

Bakı, 5 yanvar, AZƏRTAC 

Antverpeni mübaliğəsiz olaraq turistlərin arzu etdikləri şəhər adlandırmaq mümkündür. Bu, mədəniyyətin, memarlığın, kulinariyanın, modanın və ən müxtəlif görməli yerlərin əsl mozaikasıdır. Şəhərin muzeyləri unikal eksponatları ilə dərin təsir bağışlayır, nəhəng zooparkı böyüklərə və uşaqlara sevinc bəxş edir, məşhur brilyant məhəlləsi bərq vurur.

Biz Belçikanın bu gözəl şəhəri ilə tanışlığı davam etdirir və təəssüratımızı bölüşməyə tələsirik!

Mərkəzə açılan mənzərə və Rubensin inciləri

Antverpen qonaqları təəccübləndirməyi sevir. Şəhərdə gəzərkən daim orijinal memarlıq nümunələri ilə qarşılaşırsan. Onlardan biri 2011-ci ildə açılmış “Museum aan de Stroom (MAS)” muzey kompleksi və ya sözün hərfi mənasında “Çay sahilində muzey”dir. Muzeyin binası Hindistandan gətirilmiş müxtəlif çalarlı qırmızı qumdaşından tikilib. Tikilinin fasadı metal armaturdan istifadə edilmədən dalğavari qalın şüşə ilə bəzədilib. Divarlarda dekorativ bəzək kimi əl təsvir olunub. Bu, reportajımızın birinci hissəsində şəhərin meydana gəlməsi barədə yazdığımız (http://azertag.az/xeber/Antverpen_miqrantlar_ve_brilyantlar_seheridir-1023722) əfsanəyə bir işarədir. Köhnə limanın yerində yaradılmış muzey həm bədii, həm də gəmiçilik muzeyi kimi fəaliyyət göstərir. Onun zəngin kolleksiyasında Afrika, Polineziya, hindu tayfalarına, o cümlədən Kolumba qədər çoxlu etnoqrafik eksponat yer alıb. Lakin muzey ekspozisiyasına getmədən damın terrasa pulsuz qalxmaq olar. Buradan 62 metr hündürlükdən Şelda çayına, limana və şəhərin tarixi mərkəzinə heyranedici mənzərə açılır. 

Vaxtilə gəmiləri Antverpen və Nyu-York arasında üzən “Red Star Line” şirkətinin yaxınlıqdakı tarixi binasında digər orijinal muzey - İmmiqrasiya Tarixi Muzeyi yerləşir. Çoxmillətli Antverpendə belə bir muzeyin mövcudluğu tam məntiqidir.

Klassik incəsənət həvəskarları da Antverpendə darıxmayacaqlar, axı bu şəhər görkəmli rəssamlar Rubens və van Deykin vətənidir. Şəhərin mərkəzi Meyr küçəsində gəzərkən Antonis van Deykin 1856-cı ildə ucaldılmış abidəsini görmək olar. XVII əsrin əvvəlində yaşayıb-yaradan, əslən antverpenli olan van Deyk saray portreti və barokko üslubunda dini süjetlərin ustası idi. O, yaradıcılıq həyatının böyük hissəsini İngiltərədə, İtaliyada və Almaniyada keçirmiş, bir müddət isə tanınmış həmyerlisi və müəllimi Rubensin Antverpendəki emalatxanasında işləmişdi. Rubensin emalatxanası və evi indiyədək qalır və muzeyə çevrilib.

Piter Paul Rubens (1577-1640) müxtəlif janrlarda, o cümlədən portretdən tutmuş monumental rəngkarlığa qədər dini və tarixi mövzularda əsərlər yaradıb. O, cəmiyyətdə zəmanəsinin rəssamları üçün əlçatmaz olan fenomenal uğur və mövqe qazanıb, Avropa incəsənəti tarixində hamı tərəfindən qəbul edilib. Yeri gəlmişkən, rəssamın əsərlərini nəinki muzey kolleksiyalarında, həm də Antverpenin kilsələrində görmək olar.

Unikal mətbəə, “Mişlen” ulduzları və şokolatye

Rubensin əsərlərinə Antverpenin hər yerində rast gəlmək olar. Rəssamın on səkkiz əsəri antverpenli çapçılar – fransız Kristof Planten və onun kürəkəni Yan Moretin mətbəə evində saxlanılır. Təxminən 300 il mətbəə olmuş bu bina indi muzeyə çevrilib. Evdə ağır qapılar, cırıldayan döşəmə, əyri tavan tirləri, sürtülmüş pəncərə şüşələri, bir sözlə, keçmişi xatırladan hər şey olduğu kimi saxlanılıb. Başlıcası isə keçmişin ən böyük mətbəəsi Avropada nəhəng əlyazma kolleksiyası və 30 mindən çox kitabı olan ilk kitab dükanlarından birini də qoruyub saxlayıb. Dünyada bu ilk sənaye tipli çap müəssisəsinin fəaliyyəti Antverpeni Qərbi Avropanın kitab çapı mərkəzlərindən birinə çevirib. Təəccüblü deyil ki, Plantena-Moreta muzeyi UNESCO-nun Mədəni İrsi siyahısına düşən ilk və bəlkə də yeganə muzeydir. 

Antverpenə təkcə möhtəşəm memarlıq və incəsənətdən zövq almaq üçün gəlmək lazım deyil. Biz Flandriyadayıq, flamandlar isə dadlı yeməyin əsl həvəskarlarıdır. Yerli mətbəx kreativ və son dərəcə dadlıdır. Onu bu sözlərlə təsvir etmək olar: alman kəmiyyətində fransız nəfisliyi. Həqiqətən də burada porsiya böyükdür!

Antverpendə bir çox qəşəng restoran, o cümlədən “mişlen” restoranları var. Belçikadakı 17 mindən artıq restoranın 100-dən çoxu nüfuzlu restoran gidi “Michelin” ulduzuna layiq görülüb. Bu, adambaşına düşən “mişlen” restoranının sayına görə özünəməxsus Avropa rekordudur. Flandriyada bu fəxri ulduzu 63 aşpaz alıb ki, bu da Avropanın istənilən ölkəsində olduğundan çoxdur. Qeyd edək ki, Antverpendə “mişlen” restoranında nahar və ya şam yeməyi London və ya Parisin analoji restoranından xeyli ucuz başa gəlir.

Lakin Flandriyada ən məşhur qastronomik “xəzinə” şokoladdır. Hər il Belçikada 172 min ton şokolad istehsal edilir! Burada şokolad mağazalarının sayı iki mindən çoxdur. Şokolad inciləri yaradan və Flandriyanı dünyada tanıdan ustaları qürur və hörmətlə şokolatye adlandırırlar. Onlar öz mağazalarına haqlı olaraq butik adı verirlər. Çünki bu təmtəraqlı mağazalar əsl sarayı xatırladır.

Belçika şokoladı ilə Brüsseldə daha yaxından tanış olduq. Biz hətta ustad dərsində də olduq və şokoladın hazırlanması haqqında bir çox maraqlı məlumat əldə etdik. Bu barədə növbəti reportajlarımızdan birində danışacağıq. Təkcə onu qeyd edək ki, bəzi məşhur markalı şokolad firma butiklərini Belçikanın müxtəlif şəhərlərində tapmaq mümkündür. Lakin elə butiklər var ki, yalnız müəyyən şəhərdə təqdim edilir. Məsələn, Antverpendə yerli orijinal şokolad markalı butiklər çoxdur. Flandriyada olarkən təkcə bu şəhərdə qalmayıb, qonşu şəhərlərə qastronomik səyahət etməyin daha bir səbəbi onların bir-birinə yaxın yerləşməsidir.

Dünyanın almaz paytaxtı

Antverpen dünyada almaz cilalayan ən böyük və mühüm mərkəzlərdən biridir. Şəhər hələ XV əsrdən almaz ticarəti sənayesində mühüm rol oynayıb. Burada cilalanmamış almazın 85 faizindən çoxu, cilalanmış almazın 50 və sənaye almazının 40 faizindən çoxunun alqı-satqısı keçirilir. Antverpendə Mərkəzi Vağzalın yaxınlığında “almaz rayonu” yerləşir. Bir kvadratkilometrdən böyük olmayan bu ərazidə çoxlu sayda zərgərlik dükanlarında bu qiymətli daşı almaq olar. Baş çəkə bildiyimiz “Diamond Land” nəhəng mağaza-salonunda isə nəinki müxtəlif məmulatlara baxmaq, həm də peşəkar zərgərlərin almazı əl ilə cilalaması prosesini müşahidə etmək olar. 

Antverpendə cilalanan almazlar aşağıya doğru itiləşir və çoxüzlü olması ilə fərqlənir ki, bu da ona maksimum parıltı verir. Bu üsul “Antverpen cilalaması” adlanır. Ən yaxşısı brilyantı Antverpen Zərgər-Cilalayıcılar Assosiasiyası tərəfindən tövsiyə edilən mağazalarda almaqdır. Bu mağazalar daşların həqiqiliyinə təminat verir. Bu yaxınlarda isə Antverpen brilyantlarının öz keyfiyyət nişanı yaranıb. Bunu 6 zərgərlik evi - “Juwelen L&A”, “Juwelenhuis Ruys”, “Slaets”, “Juweliershuis Orogem”, “Van der Veken” və “Diamani Jewels” alıb. Onlar otuz iki meyar, o cümlədən ideal cilalama ustalığı, kolleksiyanın keyfiyyəti, müştərilərin sorğularına yönəlmə, məhsul haqqında informasiya (mənşə, rəng, cila, təmizlik, çəki), istehsalın ekoloji olması baxımından attestasiyadan keçiblər. Yeni keyfiyyət nişanı müştərinin yüksək keyfiyyətli brilyant məmulatını düzgün zərgərdən almasına təminat verir. Bu nişanın tətbiqi bir daha təsdiqləyir ki, Antverpen dünyada ən əsas brilyant mərkəzidir.

Turistlər üçün onu da bilmək maraqlı olar ki, Antverpendə brilyant alarkən yerli otellərin və müvafiq mağazaların birgə hazırladığı xüsusi təklifdən yararlanmaq mümkündür. Brilyant qaşlı üzük alan cütlük hədiyyə olaraq oteldə bir gecəni pulsuz qala bilər.

Son söz əvəzi

Biz Antverpendə cəmi bir gecə qaldıq və bu qısa müddətdə şəhər haqqında çox maraqlı məlumatlar əldə etdik. Lakin Antverpenin bir çox məşhur görməli yerləri səyahət marşrutumuzdan kənarda qaldı. Təkcə zoopark və limana getməyə dəyərdi ki, vaxtımız buna imkan vermədi. Odur ki, bələdçidən eşitdiklərimizi yazmaqla kifayətlənirik. Antverpendə 1843-cü ildən fəaliyyət göstərən zoopark dünyanın ən qədim zooparklarından biridir. O, Mərkəzi Vağzalın yaxınlığında yerləşir. Tamaşaçıları buraya təkcə zooparkın sakinləri deyil, həm də oranın “ar deko” üslubunda memarlığı və ərazidəki yaşıllığın çoxluğu cəlb edir. Burada saxlanılan 770-ə yaxın növ arasında digər zooparklarda nadir rast gəlinən heyvanları, məsələn, qorillanı, okapini (zürafələr fəsiləsi), Avstraliya koalasını görmək olar. 

Antverpen limanı regionun təkcə işgüzar mərkəzi deyil, həm də maraqlı ekskursiya yeridir. Bu böyük, boşaldılıb-yüklənmə həcminə görə Rotterdamdan sonra Avropada ikinci liman Şelda çayının mənsəbində yerləşir. Onun ərazisində 16 min 900 stadion yerləşə bilərdi! Limanın Zaha Hadidin layihəsi əsasında hazırlanmış və bu il istifadəyə verilmiş inzibati binası xüsusilə diqqətəlayiqdir. Binanın forması Antverpenin rəmzi olan gəmi və brilyantı xatırladır.

Bir sözlə, Antverpendə ayrıca olaraq ən azı üç gün qalmaq lazımdır!

Emil Eyyubov

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.