REGİONLAR
Aparılan kimyəvi mübarizə tədbirləri öz bəhrəsini verir
Tovuz, 30 noyabr, AZƏRTAC
Kartof taxıldan sonra ikinci mühüm ərzaq məhsulu sayılır və bitkiçilik məhsulları istehsalında önəmli yer tutur. Azərbaycanda kartofun məhsuldarlığı orta hesabla hektardan 150 sentner təşkil edir. Məhsuldarlığın artmasında yeni texnologiyaların tətbiqi, intensiv sortlardan istifadə ilə yanaşı, kartof bitkisinin vegetasiya müddətində, istehsal edilən məhsulun isə saxlanma yerlərində zərərli orqanizmlərdən qorunması mühüm əhəmiyyət daşıyır. Hazırda kartofun zərərli orqanizmləri arasında potensial təhlükəli növ olan kartof güvəsi vegetasiya müddətində və saxlanma dövründə vurduğu ziyana görə ilk yerdə durur. Güvə məhsuldarlığı xeyli aşağı salmaqla yanaşı, kartofun toxumluq və əmtəəlik keyfiyyətini də korlayır.
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin Tovuz Rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Lalə Şamilova AZƏRTAC-a bildirib ki, görülən kimyəvi tədbirlər nəticəsində bu il rayon ərazisində zərərvericinin yayılma ocaqlarının və vurduğu zərərin minimuma endirilməsinə nail olunub. Cari ildə rayonda kartof güvəsinin yayılma ocaqlarının məhv edilməsi məqsədilə 7 min hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Görülən tədbirlərin nəticəsidir ki, rayonda 7 min 668 hektar sahədə yazlıq kartof əkən sahibkarlar sahələrdən 165 min 300 tondan artıq məhsul götürüblər.
Rayonun aran kəndlərində 100 hektar sahədə isə təkrar kartof əkini aparılıb (yaylıq).
Tovuz rayonunun Qaraxanlı kənd sakini, kartofçuluqla məşğul olan fermer Ayaz Vəliyevin verdiyi məlumata görə, artıq yayda ikinci dəfə kartof əkdiyi sahələrdən məhsul yığır. Bitki xəstəliklərinə və zərərvericilərə qarşı mübarizə tədbirləri öz bəhrəsini verib. Fermer təkrar əkin apardığı sahələrin hektarından 15-17 ton məhsul götürür.