DÜNYA
Apelyasiya Məhkəməsi Donald Tramp Administrasiyasının şikayəti ilə bağlı qərar çıxarıb
Vaşinqton, 10 fevral, AZƏRTAC
San-Fransiskodakı 9-cu federal dairə apelyasiya məhkəməsi yeddi müsəlman ölkəsindən (Suriya, Sudan, Somali, İraq, İran, Liviya və Yəmən) bütün immiqrantların və müsafirlərin 90 gün ərzində ABŞ-a gəlişinə müvəqqəti qadağa qoyulması haqqında ABŞ Prezidenti Donald Trampın fərmanının qüvvədən düşməsi barədə Sietl Federal Məhkəməsinin (Vaşinqton ştatı) qərarını təsdiq edib.
Xatırladaq ki, Sietl Federal Məhkəməsinin qərarına görə, yeddi müsəlman ölkəsindən gələnlərə daha əvvəl verilmiş, amma Prezident D.Trampın ölkəyə gəlməyə qadağa qoyan 27 yanvar tarixli fərmanından sonra ləğv edilən vizalar bərpa olunub, onların sahibləri ölkə ərazisinə daxil olublar və yenə gələ bilərlər.
Fevralın 7-də iş üzrə dinləmələrdən sonra D.Tramp Administrasiyası Sietl Federal Məhkəməsindən apelyasiya şikayəti verib. Bir çox ştatların federal hakimləri, o cümlədən Sietlin hakimi Ceyms Robart vurğulayıblar ki, bu ölkələrdən ABŞ-a gəlməyə qadağa qoyulması təkcə ayrı-ayrı vətəndaşlara deyil, həm də biznesə və universitetlərə ziyan vurub. Onlar D.Trampın müsəlmanların ABŞ-a gəlməsinə qadağa qoyulması barədə seçkiqabağı vədindən danışarkən bildiriblər ki, dini xurafata əsaslanan qadağa Konstitusiyaya ziddir.
Apelyasiya məhkəməsinin bu qərarından sonra Ədliyyə Nazirliyinin ABŞ Ali Məhkəməsinə apelyasiya şikayəti verməsi istisna olunmur.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton