İQTİSADİYYAT
“Applab”ın layihələri britaniyalı investorların diqqətini cəlb edir
Bakı, 12 sentyabr, AZƏRTAC
“Bakcell” şirkətinin “Applab” layihəsi öz startap ideyalarını britaniyalı investorlara təqdim edib.
“Applab” iştirakçılarının “Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı olan “Wayra UK” şirkətinə təqdim etdiyi 11 layihədən 4-ü (“QuizMindUp”, “Kvotter”, “Spinal” və “BraillePad”) növbəti seçim prosesindən müvəffəqiyyətlə keçib.
“Bakcell”dən AZƏRTAC-a bildirilib ki, layihələrin dəyərləndirilməsi “Wayra UK” şirkətinin tərəfdaşlıq və akselerasiya proqramları üzrə meneceri Harri Deyvis tərəfindən aparılıb. Bunun üçün təşkil olunmuş xüsusi təqdimat zamanı yerli developerlər özlərinin təkmilləşdirilmiş layihələri barədə məlumat verib, ekspertin suallarını cavablandırıblar.
“Wayra UK” proqramı üçün növbəti seçim mərhələləri bu ilin sentyabr-dekabr ayları arasında keçiriləcək.
Qeyd edək ki, “Wayra UK” startap layihələrinə təxminən 70 min ingilis funt-sterlinqi investisiya ayırır. Bu investisiya bərabər şəkildə xidmətlərin təşkili və inkişaf məqsədlərinə yönəldilir.