DÜNYA
“Apple” iyunun 30-da bir sıra qurğularına dəstəyi dayandıracaq
Bakı, 1 iyun, AZƏRTAC
“Apple” şirkəti noutbuk və smartfonların bir sıra köhnə modellərini dəstəkləməkdən imtina edib. Bu haqda “Apple”ın rəsmi məlumatına istinadən “9to5mac” bloqu yazıb.
AZƏRTAC “hitech.newsru.ru” saytına istinadən xəbər verir ki, məlumata əsasən, iyunun 30-da “MacBook Air” (11 və 13 düymlük modellər, 2011-ci il), “MacBook Pro” (13 və 15 düymlük modellər, 2011-ci il), “MacBook Pro” (17 düymlük model, 2009-cu il) noutbukları, “AirPort Express 802.11n” giriş nöqtəsi (birinci nəsil, 2008-ci il), həmçinin 2009-cu ildə çıxarılmış “iPhone 3GS” smartfonu köhnə qurğular kateqoriyasına daxil ediləcək. Bu o deməkdir ki, yuxarıda adları sadalanan qurğuların sahibləri həmin qurğuları “Apple”ın mağazalarında və ya xidmət mərkəzlərində təmir etdirə bilməyəcək.
“9to5mac” bloqu qeyd edir ki, “Apple” şirkəti adətən qurğuların istehsalını dayandırdıqdan 5-7 il sonra onları köhnə qurğular kateqoriyasına daxil edir. Bu müddət ərzində qurğular üçün ehtiyat hissələrini tapmaq çətinləşir və cihazların təmiri əlverişli sayılmır. Həmçinin şirkət istifadəçilərə qurğulara dəstəyin dayandırılması haqda xəbərdarlıq göndərmir, bu barədə yalnız saytda məlumat dərc edir.