CƏMİYYƏT
Aprel ayında 142-“Çağrı mərkəzi"nə daxil olan müraciətlər əsasən sorğu xarakteri daşıyıb
Bakı, 2 may, AZƏRTAC
Aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-“Çağrı mərkəzi”nə vətəndaşlardan daxil olan 15 min 433 müraciətdən 15 min 145-i (98,1 faiz) sorğu xarakterli olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, bütün sorğularla əlaqədar vətəndaşlara nazirliyin müvafiq sahələr üzrə mütəxəssisləri tərəfindən aydın şəkildə hüquqi izahatlar verilib. Digər 288 müraciət isə baxılaraq araşdırılması və müvafiq tədbirlər görülməsi üçün müraciət vərəqəsi əsasında nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.
Ümumilikdə ötən ay “Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 49,6 faizi sosial təminat, 14,9 faizi əmək qanunvericiliyi, 19 faizi nazirliyin elektron xidmətlərindən istifadə, 8,3 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 8,2 faizi isə məşğulluğun təminatı məsələləri ilə əlaqədar olub.
Nazirliyin e-xidmətlərindən istifadə edənlərin sayı artmaqda davam edir. Belə ki, son bir ayda 142-“Çağrı mərkəzi”nə nazirliyin elektron xidmətlərindən istifadə məsələləri ilə bağlı daxil olan müraciətlərin sayı cari ilin yanvar ayı ilə müqayisədə 34 faiz, fevral ayı ilə müqayisədə 18 faiz, mart ayı ilə müqayisədə 15,1 faiz artıb.