CƏMİYYƏT


Aprel döyüşləri bir daha göstərdi ki, ordumuz istənilən əməliyyatı uğurla həyata keçirməyə qadirdir

Bakı, 22 aprel, AZƏRTAC

Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd gənclərin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə vətənpərvərlik və hərb tariximizin yeniyetmələr arasında təbliğ edilməsi istiqamətində silsilə tədbirlər keçirilir.

Nəsimi rayonundakı İlyas Əfəndiyev adına Elitar Gimnaziyada aprel döyüşlərində şəhid olmuş əsgərlərin xatirəsinə həsr edilmiş “Aprel zəfəri” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən gimnaziyanın direktoru Sevda Quliyeva aprel döyüşləri zamanı Azərbaycan Ordusunun qəhrəmanlığından danışıb.

Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahin Həsənli bildirib ki, 2016-cı ilin aprel döyüşləri zamanı milli ordumuzun hərbçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə qələbənin yollarını göstərdilər. O, torpaq uğrunda həyatını qurban verən əsgərlərimizin şəhidlik zirvəsinə ucaldıqlarını deyib.

Şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova və şəhid mayor Rasim Məmmədovun qardaşı Aslan Məmmədov çıxış edərək aprel döyüşləri zamanı Füzuli rayonu istiqamətində yerləşən “Lələtəpə” yüksəkliyinin azad edilməsindən danışıblar. Qeyd olunub ki, bu döyüşlərdə qəhrəmancasına şəhid olan əsgər və zabitlərimiz doğma Vətən torpaqlarının hər qarışının nə qədər əziz olduğunu öz canları hesabına sübut etdilər.

Tədbirdə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə və digərləri bildiriblər ki, Azərbaycan dövləti aprel döyüşləri zamanı bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq və ordumuz lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Çünki Azərbaycan Silahlı Qüvvələri hazırda qüdrətli, müasir silah və texnika ilə tam təmin olunmuş ordudur.

Sonra qonaqlar gimnaziyanın şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladıqları səhnəciyə və Müdafiə Nazirliyinin Mərkəzi Zabitlər Evinin mahnı və rəqs ansamblının solistlərinin ifasında kompozisiyaya tamaşa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.