ORDU
Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etməyə qadirdir
Bakı, 4 aprel, Məhərrəm Əlioğlu, AZƏRTAC
Aprel döyüşləri bir daha göstərdi ki, Silahlı Qüvvələrimiz Azərbaycanın işğal altındakı torpaqlarını azad etməyə qadirdir.
AZƏRTAC xəbər verir ki, bu fikir aprelin 4-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) Azərbaycan Ordusunun 2016-cı ilin aprelində cəbhədə düşmən üzərində qazandığı qələbəyə həsr olunmuş “Dördgünlük müharibə: başlanma səbəbləri və nəticələri” mövzusunda “dəyirmi masa”da səsləndirilib.
Əvvəlcə tədbir iştirakçıları “Aprel döyüşləri 2016” mövzusunda açılan sərgi ilə tanış olublar.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Dəyirmi masa”da aprel döyüşlərinə həsr edilən filim nümayiş olunub.
“Aprel döyüşləri Azərbaycan Ordusunun yeni parlaq qələbəsidir” mövzusunda məruzə ilə çıxış edən muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bu əməliyyatların son illər Silahlı Qüvvələrimizdə aparılan genişmiqyaslı işlərin uğurlu nəticələrini inandırıcı şəkildə göstərdiyini, ordumuzun işğalçı düşmənlə müqayisədə böyük hərbi-psixoloji üstünlüyə malik olduğunu nümayiş etdirdiyini deyib: “Aprel döyüşləri Azərbaycan Ordusunun parlaq qələbəsidir. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti dördgünlük döyüşlərdə düşmənə göstərdi ki, ordumuz işğal altında olan torpaqları azad etməyə qadirdir”.
Bildirilib ki, ötən ilin aprelində Azərbaycan Ordusu düşmən təxribatlarının qarşısını qəhrəmanlıqla alıb, düşmənə sarsıdıcı zərbələr endirib, xeyli canlı qüvvə və texnikasını məhv edib. İşğalçılar Azərbaycanın mövqelərini iriçaplı silahlardan atəşə tutub, təxribat törədiblər. Ancaq Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin təxribatının qarşısı alınıb və bir sıra strateji yüksəkliklər ələ keçirilib. Bu döyüşlərdə Azərbaycan Ordusunun düşmən üzərində həm fiziki, həm də mənəvi baxımından qalib gəldiyinin şahidi olduq. Bu, göstərir ki, əsgərlərimizdə, gizirlərimizdə, zabitlərimizdə Vətənə məhəbbət hissi və döyüş əhvali-ruhiyyəsi yüksək səviyyədədir.
“Dəyirmi masa”da muzeyin ekspozisiya hissəsinin rəisi Şəlalə Hüseynovanın “Aprel döyüşləri ərəfəsində məkrli erməni planları”, muzeyin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılovun “Aprel döyüşlərinin başlıca nəticələri” mövzularında məruzələri dinlənilib.
“Azərbaycanın Milli Qəhrəmanı” Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva tədbirdə çıxış edərək deyib: “Muradın simasında bütün şəhidlərimiz Azərbaycan torpağına, xalqına olan sevgisinə, andına sadiq çıxaraq düşmənə layiqli cavab verdilər. Bizim də borcumuz şəhidlərimizi unutmamaq, onların qəhrəmanlıqlarını gələcək nəsillərimizə aşılamaqdır”. O, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
“Mənim oğlum bu gün qürurla atasının qəhrəmanlığından danışır. Düşmən aprel döyüşlərindən sonra Azərbaycanın Vətən uğrunda canından keçməyə hazır olan igid oğullarının, hərbiçilərinin qəhrəmanlarını bir daha gördü. Oğlum da, mən də Vətən üçün son damla qanıma qədər döyüşməyə hazıram. Azərbaycanın qəhrəman övladları həmişə olub, indi də var və olacaq”, - deyə aprel döyüşlərində şəhid olan, polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova bildirib.
Aprel döyüşlərinin iştirakçısı, kapitan Elmir Abbasov isə Azərbaycan Ordusunun əsgərlərinin, gizirlərinin, zabitlərinin qəhrəmanlıqlarından, döyüş xatirələrindən danışıb.