REGİONLAR
Aprel döyüşlərində yaralanmış Azərbaycan əsgəri diqqət və qayğı ilə əhatə olunub
Masallı, 5 may, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, rayon mərkəzi xəstəxanasının baş həkimi və ictimaiyyət nümayəndələri aprelin əvvəllərində cəbhə bölgəsinin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə yaralanmış Milli Ordunun əsgəri Mansur Quliyevin evinə gələrək, ona baş çəkiblər.
AZƏRTAC xəbər verir ki, qonaqları səmimi qarşılayan əsgər Mansur Quliyevin valideynləri oğullarının mübarizliyindən fəxrlə söhbət açıblar.
Görüş zamanı Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz aprelin əvvəllərində nəinki ermənilərin təxribatının qarşısını alıb, həmçinin düşmənin xeyli hərbi texnikasını, canlı qüvvəsini məhv edib.
R.Hüseynov diqqətə çatdırıb ki, cəbhə bölgəsində döyüşlərdə rayon sakinləri - 1995-ci ildə Kalinovka kəndində anadan olmuş Nurlan Əsgərov və 1996-cı il təvəllüdlü Güllütəpə sakini Firdovsi Bağırzadə şəhidlik zirvəsinə ucalıblar..
Görüşdən məmnunluğunu bildirən Milli Ordunun əsgəri Mansur Quliyev bundan sonra da Vətən uğrunda döyüşə hazır olduğunu deyib.