REGİONLAR
Aprel döyüşlərinin iştirakçısı: Azərbaycan əsgəri torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir VİDEO
Sumqayıt, 4 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan zabit Hikmət Məmmədov bir il əvvəl Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbəni qürurla xatırlayır.
AZƏRTAC-ın müxbirinə müsahibəsində Azərbaycan əsgərinin qəhrəmanlığından danışan Hikmət Məmmədov deyib: “Aprel döyüşləri bir daha Ordumuzun gücünü göstərdi. Düşmənin təxribatına tutarlı cavab verərkən Azərbaycan əsgəri bu amal uğrunda döyüşə atıldı - düşmənin ordusunu məhv etmək, torpaqlarımızı azad etmək. Erməni əsgərləri ordumuzun nəyə qadir olduğunu gördü. Bu xalq, bu ordu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımızı tezliklə işğal altındakı digər torpaqlarımızda da dalğalandıracaq. Necə ki, ötən ilin aprel döyüşləri bunu təsdiqlədi.”.
Düşmənlə üz-üzə gələrkən Azərbaycan əsgərinin heç nədən çəkinmədiyini, rəşadətlə irəlilədiyini vurğulayan zabit bildirib: “Döyüşərkən hamımızın bir fikri var idi: biz ancaq öldürməyə gedirik. Çünki torpağımıza göz dikənin hər an gözünü çıxarmağa hazırıq. Elə də oldu, həmin döyüşlərdə düşmən qüvvələrini məhv etdik. İşğal altındakı ərazilərimizin bir qismini geri qaytardıq. Erməni əsgərləri postları boş qoyub, geri qaçırdılar. Döyüş texnikalarının, sursatlarının, döyüş əmlaklarının hamısını atmışdılar. Biz onların postlarına daxil olan zaman orada elə bir mənzərə var idi ki, inanın, oraya bir it bağlasan belə qalmaz”.
Azərbaycan Ordusunun qəhrəman zabiti qeyd etdi ki, dörd günlük müharibə bir daha xalq ilə ordunun birliyini göstərdi. Sübut etdi ki, Azərbaycan əsgəri torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir və bu əmri qısa zamanda həyata keçirmək əzmindədir!