REGİONLAR
Aprel döyüşlərinin şəhidləri Azərbaycan əsgərinin nəyə qadir olduğunu bir daha təsdiq etdilər
İsmayıllı, 23 iyul, AZƏRTAC
İsmayıllıdakı Heydər Əliyev Mərkəzində manqa komandiri şəhid Vahabzadə Mikayıl Yaqub oğlunun xatirəsinə həsr olunan tədbir keçirilib. Mikayıl Vahabzadə İsmayıllının Maçaxı kəndində boya-başa çatıb. Aprelin əvvəllərində ermənilərə qarşı döyüşlərdə şəhid olub.
AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Xalqımıza qələbə sevincini yaşadanlar” silsiləsindən keçirilən təbirdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində göstərdiyi xidmətlərdən, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclənən ordumuzun qüdrətindən söz açıb.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxışında aprel döyüşlərindən danışaraq deyib: “Aprel döyüşlərində şəhidlər verdik. Bu şəhidlər döyüş meydanlarında rəşadət və şücaət göstərərək Azərbaycan əsgərinin nəyə qadir olduğunu bir daha təsdiq etdilər”. A.Qurbani ölkə rəhbərliyi tərəfindən şəhidlərin xatirəsinin yüksək tutulduğunu, fəxri adlar, döyüş ordeni və medalları ilə təltif olunduqlarını diqqətə çatdırdı. Bildirdi ki, uzun illər sonra xalqımıza qələbə sevinci yaşadan gənclərdən biri də Vahabzadə Mikayıl Yaqub oğludur.
Sonra polkovnik Abdulla Qurbani “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı şəhidin atası Yaqub Vahabova təqdim etdi.
Şəhidin babası Akif Mustafayev çıxış edərək, göstərdikləri diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirdi.
Sonda Abdulla Qurbani “Ruhumuzun qələbəsi naminə” kitab-albomunu Heydər Əliyev Mərkəzinə hədiyyə etdi.