İQTİSADİYYAT
Apreldə 29 ödəyicidə 3 min manata yaxın vergidən yayınma halları qeydə alınıb
Bakı, 31 may, Ramiz Quliyev, AZƏRTAC
Son vaxtlar ərzaq məhsullarının pərakəndə satışı ilə məşğul olan vergi ödəyicilərində vergidən yayınma halları artıb.
AZƏRTAC Vergiler. az saytına istinadla bildirir ki, ərzaq məhsullarının pərakəndə satışı ilə məşğul olan 39 vergi ödəyicisi tərəfindən cari ilin aprel ayı üçün vergi orqanına təqdim olunmuş ƏDV bəyannamələri araşdırılarkən, onların 29-da kənarlaşma aşkar edilib.
Həmin 29 ödəyici tərəfindən ƏDV bəyannamələrində ümumilikdə 22 min 872 manat satış dövriyyəsi göstərilib. Lakin onların faktiki orta aylıq satış dövriyyəsi 41 min 591 manat təşkil edib, bu ödəyicilər tərəfindən ay ərzində 18 min 719 manat dövriyyə vergidən yayındırılıb.
Qeyd edilən 29 ödəyicinin təkcə aprel ayı ərzində ƏDV üzrə büdcədən yayındırdığı verginin məbləği 2 min 855,4 manat olub.