İQTİSADİYYAT
Apreldə Bakıda kater və yaxtalar sərgisi keçiriləcək
Bakı, 4 mart, AZƏRTAC
2-4 aprel tarixlərində Bakı Ekspo Mərkəzində 2-ci Xəzər Beynəlxalq Kater və Yaxtalar (“CIBS 2015”) sərgisi keçiriləcək. Bu tədbir Xəzər regionunda katerlər, yaxtalar, dəniz inventarının müxtəlif növləri, yaxt-klublar, su-idman növləri və su nəqliyyatını ehtiva edən yeganə sərgidir. Kater və Yaxtalar sərgisinin keçirilməsi 2015-ci ildə su-idman növlərinin inkişafına təkan verən Birinci Avropa Oyunlarının açılışı baxımından çox aktualdır.
“Iteca Caspian”dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası (ARDDA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası sərgiyə rəsmi dəstək göstərirlər. Sərginin təşkilatçıları qismində isə “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.
Hazırda sərgi iştirakçılarının tərkibinə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, “Arcadia Marine House”, Azərbaycan Yelkən İdmanı Federasiyası, “Baku Marine Service”, “Baltiyskie Berega”, “Regal Boats”, “Seagull Caspian” və sair şirkətlər daxildir. İştirakçıların coğrafiyası Azərbaycan, Rusiya, ABŞ və Ukraynanı əhatə edir.
Sərgi peşəkarlar, həvəskarlar və ziyarətçilərə su-motor texnikası məhsullarını, fəal istirahət üçün əlavə malları, habelə, bu sahənin ən son texnoloji nailiyyətlərini təqdim edəcək. Bu ilin yenilikləri arasında sahil, bünövrə yerləri və yamacların bərkidilməsi, eləcə də sahilyanı zonaların abadlaşdırılması (o cümlədən pirslərin və yanalma körpülərinin inşası), sahil xəttinin formalaşdırılması, sahil zonasının artırılması, su hövzələrinin təmizlənməsi və dərinləşdirilməsi, sualtı təmizləmə işləri və sair bu kimi sahələrdə müasir və iqtisadi baxımdan sərfəli texnologiyalar var.
Bu il “CIBS” sərgisi ilk dəfə olaraq 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“ <http://www.aitf.az/2015/?l=ru> AITF 2015”) sərgisi və 9-cu Qafqaz Beynəlxalq Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar (“<http://www.horex.az/2015/?l=ru> HOREX 2015”) sərgisi ilə eyni meydançada keçiriləcək.
“CIBS 2015” sərgisi ölkənin su-motor avadanlığı bazarına daxil olması və həmin bazarda öz mövqeyini möhkəmləndirməsi, habelə, artıq mövcud olan işgüzar əlaqələrin təkmilləşdirilməsi və yeni münasibətlərin qurulması, eləcə də yeni distribütorlarla əməkdaşlıq və sifarişçi bazasının genişləndirilməsi baxımından perspektivli və səmərəli vasitəyə çevriləcək.