İQTİSADİYYAT


Apreldə "Azexport.az" portalına daxil olan sifarişlərin ümumi həcmi 29.9 milyon dollar olub

Bakı, 24 may, AZƏRTAC

"Azexport.az" portalına bu ilin 4 ayı ərzində 42 ölkədən ixrac sifarişləri daxil olub. Aprel ayında "Azexport.az" portalına daxil olan sifarişlərin ümumi həcmi 29.9 milyon ABŞ dolları olub. Ümumilikdə isə 4 ayda "Azexport.az" portalına 111 milyon ABŞ dollarından çox ixrac sifarişi daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu barədə mərkəzin "İxrac İcmalı"nın ikinci sayında məlumat verilib. Ötən ilin 4 ayı ilə müqayisədə qeyri-neft sektorunda ixrac 22 faiz artib. İxracın artmasına "Azexport" portalı öz töhfəsini verir.

"İxrac İcmalı"nın ikinci sayında qeyri-neft sektoru üzrə ixraca dair 4 aylıq məlumat, "Azexport.az" portalına bu ilin 4 ayında daxil olan ixrac sifarişlərinin ölkələr üzrə bölgüsü, Azərbaycanın nar şirəsini, fındıq ləpəsini və şərablarını ən çox sifariş edən ölkələr barədə infoqramlar yer alıb.

Aprel ayında sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, qeyri-neft sektorunda istehsal edilən müxtəlif məhsullar - konyak, şərab, soğan, noxud, göbələk, yumurta, kərə yağı, pendir, pambıq yağı, albalı şirəsi, nar şirəsi, fındıq ləpəsi, quru süd, toyuq əti, bibər turşusu, günəş paneli, mühərrik yağı, boya sifariş olunanlar arasındadır.

İkinci sayda, həmçinin "Azexport.az" portalının inteqrasiya olunduğu portallara dair məlumat, bitki və bitkiçilik məhsulları ixracı zamanı fitosanitar sertifikatının tələb edilməsi ilə bağlı şərh və ixrac gömrük bəyannaməsinin "Azexport.az" portalından göndərilməsi imkanları barədə xəbərə yer verilib. İcmalın növbəti saylarında müntəzəm olaraq dünyanın müxtəlif ölkələrinin ixrac və idxalla bağlı qaydalardakı dəyişikliklər və yeniliklərlə bağlı məlumatlar da əksini tapacaq.

Ümumiyyətlə, "İxrac İcmalı"nın bundan sonra da müntəzəm yayımı nəzərdə tutulub. İcmalın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edəcək.

"İxrac İcmalı" ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.