CƏMİYYƏT


Apreldə düşmənin məhv edilməsində ölkəmizdə istehsal olunan müdafiə təyinatlı məmulatlar mühüm rol oynayıb

A+ A

Bakı, 20 iyul, AZƏRTAC 

Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində 2016-cı ilin birinci yarımilinin yekunlarına həsr edilmiş səyyar kollegiya iclası keçirilib.

MSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.

Kollegiyanın sədri Yavər Camalov Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanda iqtisadiyyatın inkişafının və ictimai-siyasi sabitliyin qorunmasının təmin edildiyini qeyd edib. Bildirib ki, son illər dünyanın inkişaf etmiş dövlətləri iqtisadi böhrandan əziyyət çəksələr də, Prezident İlham Əliyevin uzaqgörənliyi ilə görülmüş uzunmüddətli və qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda bu təsir minimum həddə çatdırılıb.

Nazir ötən müddətdə ordu quruculuğu sahəsində aparılan əsaslı islahatlardan və Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən mühüm işlərdən danışıb. Qeyd edib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri ən güclü ordular sırasındadır. Azərbaycan Ordusu apreldə təmas xəttində əldə etdiyi uğurlarla vaxtilə düşmən tərəfinin nəzarətinə keçmiş bir neçə yüksəkliyin geri qaytarılması ilə bunu bir daha sübut edib.

Y.Camalov aprel döyüşlərində nazirliyin müəssisələrində yaradılan və istehsal olunan bir sıra müdafiə təyinatlı məmulatdan geniş istifadə olunduğunu, düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində bu məhsulların mühüm rol oynadığını vurğulayıb.

Bildirilib ki, MSN cari ilin altı ayını uğurlu nəticələrlə başa vurub. Hesabat dövründə nazirliyin müəssisələrində 2016-cı il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri əsasında bağlanmış müqavilələr üzrə müdafiə təyinatlı məmulatlar istehsal olunaraq sifarişçilərə təhvil verilib. Eləcə də mülki məmulat istehsalının genişləndirilməsi davam etdirilib.

Diqqətə çatdırılıb ki, ilin birinci yarısında istehsal olunan məmulatların 80 faizini müdafiə və xüsusi, 20 faizini isə mülki təyinatlı məmulatlar təşkil edir. Mülki təyinatlı məhsulların istehsalı üzrə proqnoza 110 faiz əməl edilib. Cari ilin istehsal proqramına uyğun olaraq, hesabat dövründə nazirliyin müəssisələrində yaradılma üzrə 115 mövzunu və 198 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib.

Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elm müəssisələrinin potensialından istifadə etməklə elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilir. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda (ETİ) cari ildə 15 mövzu, o cümlədən dövlət sifarişi xətti ilə 14 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilir. Milli Aerokosmik Agentliyində (MAKA) Silahlı Qüvvələrin sifarışləri əsasında müxtəlif sahələri əhatə edən 33 mövzu üzrə elmi-tədqiqat işləri aparılır.

Kollegiyada qeyd olunub ki, MSN-in müəssisələrində yaradılan və istehsal olunan məmulatlar cari ilin aprelində Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən “DSA-2016” XV Asiya müdafiə xidmətləri sərgisində uğurla nümayiş olunub. Bu sərgidə müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, zirehli texnikalar, müxtəlif çaplı aviasiya bombaları, pilotsuz uçuş aparatları, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, kiçik çaplı avtomatik tapançalar üçün döyüş sursatları, optik cihazlar və s. olmaqla 220 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilib. Nazirliyin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb.

“DSA-2016” sərgisi çərçivəsində tədbirə qatılan bir sıra ölkələrin qabaqcıl şirkətlərini təmsil edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirilib, mövcud və yeni əməkdaşlıqlara dair danışıqlar aparılıb. Sərgi zamanı sentyabrda Bakıda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sərgisi ilə bağlı məlumat verilib və dəvətlər çatdırılıb. Hazırda “ADEX-2016” sərgisi ilə bağlı təşkilati işlər davam etdirilir. Artıq sərgidə iştirak etmək istəyən 38 ölkədən 200-dən çox şirkətin sifarişləri qəbul edilib.

Kollegiya iclasında nazirliyin birlik və müəssisələrinin rəhbərlərinin hesabatları dinlənilib və müəssisələrin fəaliyyəti müzakirə edilib.

Nazir hesabat dövründə tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirib.

Sonda nazir Y.Camalov ölkənin müdafiə sənayesinin Prezident İlham Əliyevin hər zaman diqqətində olduğunu bir daha xatırladıb və sahənin inkişafı ilə bağlı dövlətimizin başçısı tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.