SİYASƏT


Apreldən sonra Ermənistan rejimində çatlar yarandı

Bakı, 2 dekabr, AZƏRTAC

Rezonans varlıqların vücudunda mövcud olan sabit titrəyişdir. Başqa bir titrəyişlə orada olan sabitlik pozulduqda bu titrəyişlər dağılmaya da səbəb ola bilər. Sıra addımları ilə körpü üzərində hərəkət edən əsgərlərin ritmik ayaq zərbələrindən körpü belə dağıla bilər.

Fizika kitabından

Erməni təxribatlarına cavab olaraq aprelin əvvəllərində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatından doğan rezonans Ermənistanın siyasi-hərbi rəhbərliyində dərin çatlar yaratdı. Nəticədə erməni xalqı öz “şanlı ordusu”nu tanıdı, eyni zamanda, bu ölkədə işğalçılığın və separatizmin dövlət səviyyəsində dəstəkləndiyi təsdiq olundu. Bu gün bəzi ermənipərəst qüvvələr, münaqişənin həllinə ikili standartlarla yanaşan bəzi qurumlar həqiqətə göz yumsalar da, əslində, hər şey aydındır. Rəsmi Yerevan 20 ildən artıqdır işğalçılıq siyasətini davam etdirməklə yenə də bölgədə sabitliyə, sülhə ən böyük təhlükədir.

Aprelin ilk ongünlüyündə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatının yaratdığı rezonans nəticəsində Ermənistanın Müdafiə Nazirliyində və kriminal rejimin başqa qurumlarında yaranan çatlar nədən ibarətdir?

İllərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıldı. Nəticədə erməni xalqı bu işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi. Azərbaycan Ordusunun aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Erməni xalqı artıq bilir ki, Azərbaycan torpaqlarında onlara yer yoxdur. Erməni xalqı, eyni zamanda, dünya ictimaiyyəti də başa düşdü ki, işğal edilmiş ərazilərin hərb yolu ilə azad edilməsi mümkündür. Azərbaycan xalqı, dövləti və ordusu buna tam qadirdir. Bu addımın atılmamasının səbəbi isə bizim sülhsevərliyimiz, beynəlxalq qanunlara hörmətlə yanaşmamız və hələ də münaqişənin sülh yolu ilə həllinə ümidimizin itməməsidir.

Bu əməliyyatdan sonra rəsmi Ermənistanın işğalçılıq siyasəti danılmaz faktlarla yenidən təsdiqləndi. Belə ki, döyüşlərdə ölənlərin əksəriyyətinin Ermənistan hərbi qulluqçularının olması, onların Ermənistan hökuməti tərəfindən mükafatlandırılması, yaralıların böyük bir hissəsinin Ermənistanın tibb müəssisələrində müalicə alması və dövlət tərəfindən “separatçı cəlladların” könüllü adı altında yenidən Qarabağa göndərilərək erməni ordusunun qoyub qaçdığı səngərlərə doldurulması cəhdi və s. faktlar bu fikrə əyani sübutdur.

Apreldən sonra tam aydınlığı ilə ortaya çıxan məsələlərdən biri də Ermənistan ordusunda hökm sürən rüşvətxorluq, özbaşınalıq, korrupsiya hallarıdır. Bu ölkənin Müdafiə Nazirliyində “təmizləmə” işləri başlandı və bu proses Ohanyanın istefası ilə bitərək bu gün də davam edir. Bununla kriminal rejim bəzi vəzifəli şəxsləri günahkar bilərək xalqı sakitləşdirmək və aprel uğursuzluqlarına səbəb olan səriştəsizliklərini ört-basdır etmək istəyir. Deyilənlərə sübut olaraq yüksək rütbəli ordu mənsublarının işdən azad edilməsi və cinayət məsuliyyətinə cəlb olunması barədə məlumatları göstərmək olar. Apreldən bu günə 20-yə yaxın yüksək rütbəli ordu mənsubu ya tutduğu vəzifədən azad edilib, ya da cinayət məsuliyyətinə cəlb olunub. Sonuncu yayılan xəbəri, qondarma “Dağlıq Qarabağ respublikası” parlamentinin sabiq deputatı Vaan Badasyanın Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyana dair bəyanatlarını göstərmək olar. Bəyanatda qeyd olunur ki, “Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyan Ermənistan Respublikası Müdafiə Nazirliyinin maddi-texniki təminat üzrə departamentinin rəhbəri olduğu dövrdə dövlət satınalmaları prosesində talançılığa yol verib. M.Akopyan orduya buğda tədarükü haqqında müqaviləni yuxarı, şişirdilmiş qiymətlərlə və özünə məxsus olan şirkətlə imzalayıb ki, nəticədə “onlarla milyon dram məbləğində ordu vəsaitinin talanmasına yol verib”.

Döyüşlər gedən ərəfədə işğal olunmuş ərazilərdə məskunlaşan ermənilərin həmin bölgədən çıxmasının qarşısını almaq məqsədilə yollarda və marşrutlarda hərbi polis və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət “səd” çəkilmişdi.

Ölkədə hökm sürən rejim demoqrafik böhranın qarşısını almaq məqsədilə müxtəlif hiylə və yollara da əl atır. Yerevan hökuməti Ermənistanda, eləcə də dünyanın başqa qaynar nöqtələrində yaşayan ermənilərin də “tarixi vətənlərinə” - işğal edilmiş ərazilərə köçürülməsinə nail olmaq üçün nələr eləmir? Reallıqda Ermənistanın özündə, bölgələrdə ictimai-siyasi və sosial-iqtisadi vəziyyət o dərəcədə acınacaqlıdır ki, hətta Suriyadan qaçan erməni ailələri nəinki işğal olunmuş bölgələrdə, eyni zamanda, Yerevandan başqa heç bir yerdə yaşamağa razı olmur, Avropa və digər ölkələrdə məskunlaşmağa üstünlük verirlər.

Aprel döyüşlərindən sonra, elə indinin özündə də müxtəlif televiziyalarda, saytlarda erməni rəhbərliyinin səriştəsizliyi ucbatından bu ölkədə hərbçilərin düşdüyü ağır vəziyyət şərh edilir. Hərbi qulluqçular fikirlərini sosial şəbəkələrdə bölüşməkdən çəkinmirlər. Ermənistan silahlı qüvvələrində kəşfiyyatçı kimi xidmət edən hərbi qulluqçu Arsen Xaçatryan aprel döyüşləri haqqında bildirib ki, türklər (Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları nəzərdə tutulur - İ.İ.) bizim mövqelərə çox sayda qüvvə ilə girdilər. “O döyüşdə 4 nəfərimiz öldü, 3 yaralı və biz 2 nəfər xilas ola bildik”. A.Xaçatryanın noyabrın 17-də sosial şəbəkədə paylaşdığı məlumata görə, həmin döyüşdə məğlub olmalarının və mövqeləri tərk etmələrinin səbəbi döyüş sursatlarının azlığı və təminatın olmamasıdır. Belə faktlar çoxdur və bu günlərdə epress.am saytında dərc olunan Helsinki Vətəndaş Assambleyasının Ermənistandakı Vanadzor ofisi əməkdaşlarının aprel döyüşlərində ölən və yaralanan hərbçilərin qohumları ilə söhbətlər əsasında hazırladığı hesabat da dediklərimizi təsdiq edir. Valideynlərdən bəziləri ön xətdə Ermənistan ordusunun mövcud problemlərindən, xüsusilə döyüş sursatlarının çatışmazlığından, texnikanın nasaz vəziyyətdə olmasından danışıblar.

Hərbi qulluqçuların ölümü ilə maraqlanan qohumları döyüşdə ölənlərin həddən artıq çox olmasını silah və sursatın çatışmazlığı, eləcə də hərbi əməliyyatların başlanması ilə bağlı kəşfiyyat məlumatlarının olmaması ilə əlaqələndirirlər. Onların əldə etdiyi məlumata görə isə erməni əsgərləri döyüşlərə hazır olmayıblar, lazımi qədər silahları olmayıb. Hərbçilərin ailələri Cəbrayıldakı vəziyyəti başıpozuqluq adlandırıblar. “Qubadlıdan Cəbrayıla doğru yolda çoxlu sayda xarab tanklar düzülmüşdü. Onların çoxunda yanacaq əvəzinə su var idi. Ön xəttə getmək üçün tankları işə salanda yararsız vəziyyətə düşürdülər”. Ölənlərin valideynləri bildiriblər ki, onlar gedib çox şeyləri danışmalıdırlar, çünki əsgərlər bu barədə danışmağa qorxurlar.

2016-cı il aprelin 2-də Cəbrayılda ölən hərbi qulluqçuların valideynləri məlumat veriblər ki, hərbi əməliyyatlar zamanı lazımi qədər hərbi sursatları olmayıb. Ona görə də ölənlərin sayı çox olub. Qərargahla əlaqə saxlayaraq kömək və daha sonrakı hərəkətlər barədə məlumat verilməsini istəyiblər. Amma onlar hər hansı cavab və əmr almayıblar. Oğlu aprelin 2-də Cəbrayılda ölən əsgərin atası da silahların çatışmazlığı və hərbi texnikanın xarab olmasından narazılığını bildirib. O deyib ki, aprelin 10-dək Qarabağda olub və baş verənləri şəxsən görüb: “Niyə tanklar irəli getmədi? Çünki akkumulyatorları yox idi: Onlar bazarda satışa qoyulmuşdu. PDM-lər lazım olan yerə gedib çata bilmirdilər, çünki çəndə yanacaq yerinə su var idi. Könüllüləri lazımi qədər patronla təmin edə bilmirdilər. Hərəyə 60 patron verirdilər, hansı ki, onlar da cəmi dəqiqə yarımdan sonra qurtara bilər”.

Həmçinin bildiriblər ki, əsgərlərin ölümünün səbəbi əmrin düzgün verilməməsi, təhlükəsizlik vasitələrinin olmaması, döyüş sursatının qurtarması ilə əlaqədardır. Aprelin 2-də Ağdərədə ölən hərbçinin valideynləri onun komandiri ilə görüşüb və döyüş mövqeyinin 3-cü xəttində olan oğlunun niyə zirehli gödəkçədə olmadığını soruşublar. Komandir deyib ki, zirehli gödəkçələr azdır, ona görə, ilk növbədə, öndəki uşaqları təmin edirlər. Valideynlər əmindirlər ki, hətta bu hadisələrdən sonra da hərbçilər təhlükəsizlik vasitələri ilə təmin edilməyiblər.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən apreldə əks-həmlə əməliyyatı zamanı məhv edilən erməni hərbçilərinin yaxınlarının danışdıqlarından da məlum olur ki, Ermənistan ordusunda vəziyyət acınacaqlıdır, silah-sursat çatışmır, döyüş texnikası nasazdır, orduda korrupsiya və özbaşınalıq baş alıb gedir.

Bir sözlə, apreldə Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatından doğan rezonans Ermənistanda hökm sürən kriminal rejimdə, eləcə də onun Müdafiə Nazirliyində dərin çatlar yaratdı ki, bunun nəticəsində də bu rejimin dağılması qaçılmazdır.

Ölkəmizin iqtisadi gücü, ordumuzun qüdrəti Ermənistanda hakimiyyəti zor gücünə ələ keçirən rejimin dağılmasına, tam çökməsinə səbəb olacaq təsirlər göstərmək və torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etmək üçün yetərlidir. Buna hər kəs əmin ola bilər.

İsa İsmayılov

hərbi jurnalist

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.