İQTİSADİYYAT
Aprelin 16-17-də Bakıda günəş enerjisi sənayesinin inkişafına həsr olunmuş beynəlxalq tədbir keçiriləcək
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) Elmi-Texniki Şurasının iclasında “Günəş batareyalarının effektivliyinin artırılması istiqamətləri”, “Mövcud günəş panelləri stansiyalarında panellərin faydalı iş əmsalının artırılması imkanları” və “Fokuslaşdırılmış günəş panelləri effektivliyi iki dəfə artıra bilər” mövzularında çıxışlar olub.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, şuranın sədri, ABOEMDA-nın sədr müavini Cəmil Məlikov bildirib ki, ABOEM sahəsinin inkişafı və bu sahədə elmi-texniki yeniliklərin, innovasiyaların və müasir texnologiyaların respublikamızda tətbiqi şura üzvlərinin məruzələrində həmişə öz əksini tapıb. Müzakirələr zamanı vurğulanıb ki, dövlət agentliyi mütəxəssislər tərəfindən təqdim olunan müvafiq sahə üzrə müəyyən ixtiraların rəsmi olaraq patentləşməsini dəstəkləyib, bu işdə onlara daim maddi və mənəvi yardım göstərib.
Qeyd olunub ki, əvvəlki iclaslarda müzakirə olunduğu kimi ölkəmizin enerji sisteminin idarə edilməsində “ağıllı idarəetmə” avadanlıqlarının tətbiqi, hidrogenlə işləyən generatorların və qaynaqetmə avadanlıqlarının istehsal olunması üzrə müəyyən işlər görülüb, günəş enerjisi texnologiyaları tətbiq edilən kənd təsərrüfatı avadanlıqlarının və traktorlarının istehsal olunması ilə əlaqədar müvafiq dövlət qurumları ilə əməkdaşlıq edilib. O cümlədən, beynəlxalq mütəxəssislərin təqdimatı əsasında Xəzər dənizi akvatoriyasında külək parklarının salınması ilə əlaqədar bir sıra işlər həyata keçirilib.
C.Məlikov həmçinin bildirib ki, şuranın fəaliyyəti nəticəsində əldə olunan bilikləri bölüşmək üçün dövlət agentliyi daim treninqlər, seminarlar və konfranslar təşkil edir. Növbəti belə tədbir isə aprelin 16-17-də Bakıda ABOEMDA-nın dəstəyi ilə CISOLAR-2015 “Cənubi Qafqaz regionunda, Şərqi Avropa və Mərkəzi Asiyada günəş enerjisi sənayesinin inkişafı” 4-cü Beynəlxalq konfransı və sərgisi keçiriləcək.
Müzakirələr zamanı ABOEMDA-nın sədri Akim Bədəlov tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, şuranın irəli sürdüyü təklifləri, layihələri dövlət agentliyi həmişə dəstəkləyib və bu layihələrin həyata keçirilməsində həmişə maraqlı olub. O, həmçinin şuranın gələcək fəaliyyətində respublikamızın digər dövlət qurumlarında və qeyri-hökumət təşkilatlarında müvafiq sahə üzrə çalışan mütəxəssislərin cəlb olunmasının vacibliyini qeyd edib.