REGİONLAR
Aqrar Universitet Avropada “Ən yaxşı universitet” adına layiq görülüb
Gəncə, 29 noyabr, Rauf Hacıyev
Sokrat adına Beynəlxalq Nominasiya Komitəsi Azərbaycan Dövlət Aqrar Universitetini "Ən yaxşı universitet" beynəlxalq mükafatına layiq görüb, ali təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovu isə "Elm sahəsi üzrə ilin ən yaxşı top-meneceri” (rəhbər) nominasiyası üzrə qalib elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyada yerləşən Oksford Akademik Birliyi təhsil müəssisəsi rəhbərliyinin Aqrar Universitetə ünvanladığı məktubda bildirilib.
Məktubda qeyd olunub ki, Oksford Akademik Birliyi Aqrar Universitetə müasir cəmiyyətdə elm və təhsilin nüfuzunun artırılması, elm və istehsalatın inkişafına vermiş olduğu töhfəyə görə minnətdarlığını ifadə edir.
Beynəlxalq mükafat Avropa Biznes Assambleyası və Avropa Rektorlar Klubu tərəfindən dünyanın ən yaxşı universitetlərinin reyestri əsasında təqdim olunur. Reyestr ali təhsil ocaqlarının beynəlxalq nüfuzunu artırmaq məqsədilə yaradılıb.
Aqrar Universitet bu mükafata təhsilin əlçatanlığı (əlverişliyi, təhsil haqqı, qəbul şərtləri), müəllim heyətinin professionallığı, universitetin akkreditasiya səviyyəsi, tələbə və məzunların rəyləri, texniki təminat, beynəlxalq elmi və mübadilə proqramlarında iştirak, yeni fənlərin tədrisi, istifadə olunan metodik vəsait, proqramların rəngarəngliyi, beynəlxalq əməkdaşlıq perspektivlərinin mövcudluğu, eləcə də kollektivin iş fəaliyyətinin nəticələrinə əsasən layiq görülüb.
Elm, texnologiya, təhsil sahəsində ən nüfuzlu Avropa mükafatlarından sayılan "Ən yaxşı universitet" mükafatının təqdimetmə mərasimi dekabrın 20-də Avropanın ən qədim elm və təhsil mərkəzlərindən olan Oksfordda olacaq.
Mükafat "Elm və təhsilə yatırım - gələcəyə yatırımdır" adlı proqramı əsasında, liderlərin iştirak edəcəyi beynəlxalq sammitdə, Avropa Biznes Assambleyası, Avropa Rektorlar Klubu, Oksford Elm Cəmiyyəti, güclü ictimai təşkilatlar və dünyanın 46 ölkəsinin nüfuzlu, peşəkar, elm və yaradıcılıq birliklərinin dəstəyi ilə Beynəlxalq Sokrat Komitəsi tərəfindən təqdim ediləcək.