REGİONLAR
Aqrar Universitetdə istifadəyə verilən yeni laboratoriyadan fermerlər də yararlanacaq
Gəncə, 15 may, Rauf Hacıyev, AZƏRTAC
Aqrar Universitetin torpaqşünaslıq və aqrokimya kafedrasının nəzdində yeni elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb.
Universitetin elmi işlər üzrə prorektoru Nizami Seyidəliyev AZƏRTAC-a bildirib ki, müasir avadanlıqlarla təchiz olunan yeni laboratoriyadan tədris müəssisəsinin professor-müəllim heyəti, müvafiq ixtisas üzrə təhsil alan tələbələr, həmçinin respublikamızın bölgələrində fəaliyyət göstərən fermerlər yararlanacaq.
Nizami Seyidəliyev qeyd edib ki, dövlətin aqrar sahəyə göstərdiyi qayğının nəticəsi olaraq respublikamızın 11 bölgəsində bu cür laboratoriyalar fəaliyyət göstərir. Torpaq və bitkilərin analizi ilə məşğul olacaq yeni laboratoriya da digərləri kimi müasir dövrün tələbləri səviyyəsində qurulub. Laboratoriyada elmi–tədqiqat işləri üçün torpaq və bitki analizləri aparmaq, bütün makro və mikro elementləri təyin etmək mümkündür. Bundan əlavə torpağın aqrokimyəvi, bioloji, su-fiziki, hava və istilik xassələrini də təyin etməyə imkan var.
Laboratoriyanın ən üstün cəhətlərindən biri də odur ki, burada torpaq və bitkilərin tərkibində olan ağır metalları, zəhərli maddələri aşkar etmək mümkündür.