REGİONLAR


Aqrar Universitetdə məktəblilər üçün “Aqro düşərgə”

A+ A

Gəncə, 9 avqust, Rauf Hacıyev, AZƏRTAC

Təhsil Nazirliyi, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə birgə “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” proqramı çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) məktəblilər üçün bir həftəlik “Aqro düşərgə” təşkil edib.

AZƏRTAC xəbər verir ki, düşərgənin təşkilində məqsəd aqrar sahənin perspektiv istiqamətləri haqqında məktəblilərin bilik və bacarıqlarının artırılması, aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz məhsulun yetişdirilməsinin vacibliyini təbliğ etmək olub.

“Aqro düşərgə”nin 50 nəfər iştirakçısı Bakı şəhərinin müxtəlif məktəblərində yaradılan “Ekoklublar”ın fəal üzvlərindən seçilib.

“Aqro düşərgə”nin açılışında ölkəmizdə aqrar sektorun inkişafının və gənc nəslin bu istiqamətə yönləndirilməsinin vacibliyi barədə fikirlər səsləndirilib.

“Aqro düşərgə”nin təşkil olunmasında praktik məşğələlər üçün universitetin "Zoobaytarlıq və Əmtəəşünaslıq" və "Aqronomluq" fakültələrindən və Yardımçı Təcrübə Təsərrüfatının bazasından istifadə olunub.

Burada məktəblilərə heyvanların yetişdirilməsi, eksteryer bədən ölçülərinin öyrənilməsi, yemləndirilməsi, yoluxmayan daxili xəstəlikləri, baytarlıq cərrahiyyəsi haqqında nəzəri və praktik biliklər verilib, eləcə də, anatomiya, patoloji anatomiya muzeylərinə, akvarium və vivariuma baxış keçirilib.

Laborator təcrübələrdə torpağın qiymətləndirilməsi, heyvandarlıq məhsullarının ekspertizası, qida məhsullarının istehsalı texnologiyaları Azərbaycan və rus bölmələrinin şagirdləri ilə birgə interaktiv qruplar şəklində öyrənilib.

Proqramın həyata keçirilməsində universitetin professor-müəllim heyəti fəal iştirak ediblər.

“Aqro düşərgə” müddətində məktəblilərin kənd təsərrüfatı məhsullarının istehsalı texnologiyaları ilə "AzAgro" MMC-nin Gülçülük və Tərəvəzçilik təsərrüfatlarında qızılgülün və tərəvəz bitkilərinin yetişdirilməsi, "Gəncə Şərab-2" MMC-də müxtəlif sort üzüm bitkilərinin becərilməsi və şərab emalı, "Neon" firmasında un məmulatlarının hazırlanması proseslərində bilavasitə iştirakları təmin edilib.

Eyni zamanda, düşərgə üzvləri Nizami Gəncəvi məqbərəsinə və bir çox muzey komplekslərinə səfər edərək Gəncənin tarixi-mədəni irsi ilə yaxından tanış olublar, Şəmkir rayonunda yerləşən “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində asudə vaxtlarını səmərəli keçiriblər.

“Göygöl” Milli Parkına səyahət zamanı isə gənc ekoloqların Göygöl-Maralgöl marşrutu üzrə piyada yürüşü də maraqlı olub.

“Aqro düşərgə”nin sonunda bütün iştirakçılar diplomlarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.