REGİONLAR
Aqrar Universitetin Aqrokimya laboratoriyası fermerlərə də xidmət göstərir
Gəncə, 29 iyul, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində müasir aqrokimya laboratoriyası yaradılıb. Laboratoriya elmi-tədqiqat və tədris prosesi ilə yanaşı, region fermerlərinə də xidmət göstərir.
AZƏRTAC xəbər verir ki, laboratoriyada bitkilərin həyatı üçün zəruri olan bütün makro və mikroelementləri, torpağın aqrokimyəvi, bioloji, su-fiziki, hava və istilik xassələrini təyin etmək mümkündür.
Bundan başqa, laboratoriyada torpaq və bitkilərin tərkibində olan ağır metalları, zəhərli maddələri aşkar etmək üçün də şərait yaradılıb. Laboratoriyanın avadanlıqlarından səmərəli istifadənin təmin edilməsi və iş prosesinin fermerlərin tələblərinə uyğun qurulması məqsədilə universitetin aqronomluq fakültəsinin bir qrup əməkdaşı və tələbəsi Türkiyənin İğdır Universitetində, Bakı şəhərində Dövlət Fitosanitar Nəzarəti Xidmətində təcrübə keçiblər.
Universitetin bir qrup əməkdaşı və tələbələri hazırda Kənd Təsərrüfatı Nazirliyi Göygöl Regional Aqrokimya Laboratoriyasında təcrübələrini artırmaq üçün müxtəlif analizlər aparırlar. Xüsusilə makroelementlərin, ümumi azotun təyin edilməsi üzrə analizlər həyata keçirilir.