REGİONLAR
Aqrar Universitetin doktorantı ABŞ-ın İllinoys Universitetinə elmi-praktik təcrübəyə göndərilib
Gəncə, 26 iyul, Rauf Hacıyev, AZƏRTAC
Aqrar Universitetdə bitki mühafizəsi sahəsi üzrə kadr hazırlığının daha da təkmilləşdirilməsinə, yeni yaradılmış bitki klinikasının fəaliyyətinin genişləndirilməsinə elmi-metodiki dəstək göstərilməsi məqsədilə universitetin bitkiçilik və bitki mühafizəsi kafedrasının doktorantı və müəllimi Sahil Quliyev iyunun 6-dan sentyabrın 30-dək ABŞ-ın İllinoys Universitetində professor Mohammad Babadostun rəhbərliyi ilə ikinci dəfə elmi-praktik təcrübəyə göndərilib.
Aqrar Universitetdən AZƏRTAC-a bildirilib ki, elmi-praktik təcrübə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi” çərçivəsində həyata keçirilib.
Layihə çərçivəsində Sahil Quliyev ilk dəfə 2016-cı il avqustun 19-dan noyabrın 8-dək həmin universitetdə elmi-praktik təcrübədə olub. Budəfəki təcrübə zamanı o, İllinoys Ştatının təsərrüfatlarında meyvə-tərəvəz bitkilərində bakteriya, virus və göbələk xəstəliklərini açıq və istixana şəraitində müşahidə edir, xəstə bitki nümunələrini götürərək professor Məhəmməd Babadostun rəhbərliyi və universitetin bitki klinikası laboratoriyasının əməkdaşı Diane Elizabetlə birgə diaqnostika aparır, qida mühitlərində patogenləri təhlil edir.