REGİONLAR
Aqrar sahədə aparılan islahatlar pambıqçılığın və baramaçılığın inkişafı üçün geniş perspektivlər açıb
Kürdəmir,16 fevral, AZƏRTAC
Keçən il Kürdəmir rayonunda ümumi məhsul buraxılışının həcmi 331 milyon 991 min manat olub ki, bunun 37,9 faizi kənd təsərrüfatının, 21,4 faizi sənayenin payına düşür. Ümumən sosial-iqtisadi sahələrdə görülən işlər, həyata keçirilən layihələr həm də yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan verib. Ötən il 1786 nəfər işlə təmin olunub ki, bunun da 1706-sı daimidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Kürdəmirdə 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun hesabat məruzəsində bildirilib ki, ölkəmizdə aqrar sektorda aparılan islahatlar, Prezident İlham Əliyevin tapşırığına əsasən ixracyönümlü məhsulların, o cümlədən pambıqçılığın və baramaçılığın inkişafı istiqamətində görülən işlər rayonda bu sahələrin yenidən dirçəldilməsinə güclü təkan verib. Keçən il 1911 hektar sahədə çiyid səpini aparılıb, 2111 tonadək pambıq yığılıb. Ötən il, habelə 3577,5 kiloqram barama istehsal edilib. Cari ildə pambıq əkini üçün 4000 hektardan çox sahədə dondurma şumu çıxarılıb, baramaçılıq üçün möhkəm yem bazası yaradılması məqsədilə 46 min ədəd tut tingi əkilib.
Məruzə və çıxışlarda ötən il taxılçılıq, üzümçülük, kartofçuluq, bostan-tərəvəzçilik, habelə aqrar sektorda aparıcı sahələrdən olan heyvandarlıqda qazanılan nailiyyətlər və qarşıda duran vəzifələr geniş müzakirə olunub.
Hesabat yığıncağında tikinti-quruculuq və abadlıq işləri, əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı, su təchizatı, təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən də ətraflı danışılıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılan 3 milyon manat vəsait hesabına 21 ictimai yaşayış binasında aparılan əsaslı təmir işlər artıq başa çatmaq üzrədir. Bildirilib ki, keçən il rayonda 11 yaşayış məntəqəsi, ümumilikdə isə 62 yaşayış məntəqəsindən 56-sı qazlaşdırılıb.
Yığıncaqda əminliklə vurğulanıb ki, kürdəmirlilər ölkəmizin tərəqqisi, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsi üçün bundan sonra da var-qüvvələrini sərf edəcəklər.
Prezident Administrasiyasının məsul işçisi Rüfət Məmmədov və Milli Məclisin deputatı Rəfael Hüseynov hesabat yığıncağında çıxış ediblər.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.