İQTİSADİYYAT
Aqrar sahədə əsas strateji prioritetlər barədə fikir mübadiləsi aparılıb
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Aqrar sahə üzrə alt işçi qrupun növbəti toplantısı keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, toplantıda "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin aqrar sahəsi çərçivəsində müzakirələr aparılıb. Müzakirələrdə strateji baxışın əsas komponentləri kimi rəqabətqabiliyyətlilik, ərzaq təhlükəsizliyi, sosial məsələlər və digər inkişaf aspektləri nəzərdən keçirilib.
Eyni zamanda, aqrar sahədə əsas strateji prioritetlər barədə fikir mübadiləsi aparılıb. Aqrar sahənin ÜDM-yə və məşğulluğa töhfəsinin artırılması, qeyri-neft ixracında rolunun gücləndirilməsi və regional inkişafına təsirinin artırılması istiqamətində təkliflər verilib.
Müzakirələrdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, ayrı-ayrı nazirliklərin, özəl biznes sektorunun və akademik dairələrin nümayəndələri iştirak ediblər.
Tədbirdə səsləndirilən təkliflər sistemləşdirilərək strateji yol xəritəsi üzrə fəaliyyət göstərən işçi qrupa təqdim olunacaq.