İQTİSADİYYAT
Aqrar sahədə mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub
Bakı, 11 iyul, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyində müvafiq şöbə və qurumların rəhbərlərinin iştirakı ilə iyulun 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aqrar sahənin inkişafı ilə bağlı prioritet hesab edilmiş məsələlərin müzakirəsinə dair geniş toplantı keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Heydər Əsədov toplantıda dövlətimizin başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Sonra hər bir sahə üzrə mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.
Nazir əkin dövriyyəsinə daxil olan torpaqların istifadə mexanizminin qısa müddətdə hazırlanması, aqrokimya laboratoriyalarının yenidən qurulması və ən müasir avadanlıqlarla təchiz edilməsi, istehsal olunan məhsulun keyfiyyətinə nəzarətin gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının dəqiq və şəffaf statistik uçotunun aparılmasının vacibliyini bildirib. Rayon kənd təsərrüfatı idarələrinin fəaliyyətinin tənzimlənməsi üçün texniki təminatın, elektron xidmətlərin və kadr hazırlığının səviyyəsinin yüksəldilməsinə ehtiyac duyulduğunu vurğulayıb. Heydər Əsədov, həmçinin özəl baytarlıq xidmətinin yaranması üçün müvafiq tədbirlərin görülməsi, “Aqrolizinq” ASC-nin xətti ilə ən müasir texnika və texnoloji avadanlıqların gətirilməsi, Avropa təcrübəsindən istifadə etməklə subsidiyaların verilmə mexanizminin təkmilləşdirilməsi üçün qısa zamanda təkliflərin hazırlanması barədə göstəriş verib.
Bildirilib ki, toxumçuluğun maddi-texniki bazasının təkmilləşdirilməsi üçün ilkin tenderlərin keçirilməsi, baramaçılığın inkişafı üçün çəkil plantasiyalarının salınması, aqrar elmin yenidən təşkili ilə bağlı təkliflər də operativ olaraq hazırlanmalıdır.
Müzakirə edilən məsələlərin qısa zamanda həll olunması üçün şöbə və qurumlara müvafiq tapşırıq və tövsiyələr verilib.