İQTİSADİYYAT
Aqrar sahənin dayanıqlı inkişafı üçün sığorta bazarı tam gücü ilə işləməlidir
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da Bakıda Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə təşkilatçılığı ilə “Azərbaycanda kənd təsərrüfatı sığortası mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir müzakirələr və təlimlər olmaqla, iki paneldən ibarət təşkil edilib.
Birinci panel BMK-nın Azərbaycan üzrə daimi nümayəndəsi Aliyə Əzimovanın moderatorluğu ilə keçib. Paneldə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov, Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə və Mühasibat Şöbəsinin baş məsləhətçisi Rəhim Novruzov, BMK-nın Şərqi Avropa və Mərkəzi Asiyada Kənd təsərrüfatının maliyyə xidmətləri üzrə proqram meneceri Lea Soroka, ASA-nın sədri Orxan Bayramov və başqaları çıxış ediblər.
Bildirilib ki, Azərbaycanda aqro-biznesin inkişafına ən böyük maneə maliyyəyə çıxışın zəif olmasıdır. Aqrar sahənin dayanıqlı inkişafı üçün sığorta bazarı tam gücü ilə işləməlidir. İlk növbədə, müəyyən infrastruktur olmalı, statistik məlumatlar hazırlanmalı, ayrı-ayrı məhsullar və regionlar üzrə risk dərəcəsi müəyyənləşdirilməli, aqrar sığorta sahəsində mütəxəssislər yetişdirilməlidir.
İkinci paneldə isə ukraynalı qonaqlar Andrey Zaripov və Lea Soroka iştirakçılara aqrar sığorta məhsullarının hazırlanması metodologiyası üzrə təlimlər keçiblər. Təlim zamanı məlumat tələblərinin icmalı, sığorta məhsullarının növü, strukturu və komponentləri, yenidən sığortalanma və aqro–sığorta sisteminin inkişafı üçün lazım olan digər əhəmiyyətli aspektlər izah edilib. BMK–nın ekspertləri bu sistemin Ukraynada inkişaf etdirilməsi ilə bağlı təcrübələrini bölüşüblər.