İQTİSADİYYAT
Aqrar sahəyə vergi güzəştləri davam etdiriləcək
Bakı, 19 iyul, AZƏRTAC
Aqrar sahənin inkişafında vergi siyasəti mühüm rol oynadığından inkişaf proqramlarının həyata keçirilməsində vergi güzəştləri və təşviqi tədbirləri də prioritetlərdən olacaq.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, 15 ildən artıqdır dövlət səmərəli vergi rejimi tətbiq etməklə kənd təsərrüfatının inkişafını stimullaşdırmaqdadır. 1999-cu ildən kənd təsərrüfatı sektoru, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddır. Bu isə təxminən hər il 130-140 milyon manat vəsaitin istehsalçıda qalması deməkdir.
Ümumilikdə, bu siyasətin həyata keçirilməsi sayəsində son 17 ildə 2 milyard manata yaxın vəsait fermerlərin sərəncamında qalıb ki, bu da kənd təsərrüfatı istehsalçıları üçün əlavə maliyyə, investisiya mənbəyi təşkil edir.
Qeyd olunub ki, 2017-ci ildən qüvvəyə minən Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin mühüm istiqamətlərindən biri aqrar sahədə çalışan kiçik və orta sahibkarlığın fəaliyyətini stimullaşdırmaq, onların vergi yükünü optimallaşdırmaqdır. Bu məqsədlə buğda ununun və çörəyin istehsalı və satışı, quş ətinin satışı 3 il müddətinə ƏDV-dən azad olunub. Kənd təsərrüfatı istehsalçıları 2019-cu il yanvarın 1-dək vergi güzəştləri ilə əhatə olunacaqlar.
Aqrar sahənin əsas sektorları üzrə Strateji Yol Xəritəsində stimullaşdırıcı vergi-gömrük siyasətinin həyata keçirilməsi, güzəştli kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsi, xarici bazarlara çıxış üçün bir sıra məhsullara tətbiq edilən gömrük-idxal tarif dərəcələrinə yenidən baxılması, o cümlədən mövsümi rüsumların tətbiq edilməsi nəzərdə tutulur.
Kənd təsərrüfatının maliyyə resurslarına tələbatının ödənilməsi və girovsuz kreditlərin tətbiqi, sektorun kreditləşməsinə yönəlik stimullaşdırma tədbirləri də əsas prioritetlərdəndir.