REGİONLAR
Aqrar sektorda qarşıda duran əsas vəzifələrdən biri rəqabətqabiliyyətli məhsul istehsalıdır
Qusar-Xaçmaz, 12 avqust, Elxan Yusifli, AZƏRTAC
Rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı qarşıda duran əsas vəzifələrdəndir. Yalnız bu halda məhsullarımız bazarda özünə yer tuta bilər. Hazırda bu istiqamətdə dövlət tərəfindən böyük işlər görülməkdədir. Azərbaycanın bir çox regionlarında müasir suvarma sistemləri qurulur, texnika parkları yaradılır, təsərrüfatçılar üçün müxtəlif güzəştlər tətbiq olunur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər avqustun 12-də Prezident İlham Əliyevin tövsiyə və tapşırığına müvafiq olaraq, bölgələrdə kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, sahibkarların qayğılarının, təklif və istəklərinin öyrənilməsi, aqrar sektorun inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupun iştirakı ilə Qusar rayonunda keçirilən müşavirədə səsləndirilib.
İşçi qrupun rəhbəri Azər Əmiraslanov rayondakı fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, müvafiq idarə və təşkilat rəhbərlərinin, təsərrüfat sahiblərinin, bələdiyyə sədrlərinin qatıldığı tədbirdə aqrar sektorun perspektivləri barədə geniş məruzə edib.
Bildirib ki, işçi qrup tərəfindən indiyədək 50-dən çox rayonda bu cür görüşlər keçirilib. Məqsəd rayonların aqrar sahədə potensialını və imkanlarını, həmçinin mövcud problemləri öyrənmək, fermerlərlə açıq fikir mübadiləsi aparmaqdır.
Azər Əmiraslanov qeyd edib ki, təsərrüfatçılar daha çox gəlir əldə etmək üçün iri fermer təsərrüfatlarının yaradılmasında maraqlı olmalıdırlar. Təcrübə göstərir ki, birgə fəaliyyət göstərən fermerlərin torpağın becərilməsi üçün sərf etdiyi xərc daha az olur.
İşçi qrupun rəhbəri deyib ki, Prezident İlham Əliyev kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsini qarşıda duran əsas vəzifələrdən biri kimi qeyd edib. Bu, Azərbaycanda aqrar siyasətin əsas prinsiplərindən biridir. Dünya bazarlarında xam neftin qiymətinin kəskin ucuzlaşması ölkənin ixrac potensialına və valyuta daxilolmalarına öz təsirini göstərsə də, kənd təsərrüfatının inkişafı bu azalmanı kompensasiya etmək gücündədir.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək rayon iqtisadiyyatının əsasını təşkil edən sahələr, burada aqrar sektorun inkişafı ilə bağlı mövcud vəziyyət haqqında ətraflı məlumat verib.
Daha sonra müşavirədə iştirak edən fermerlər, aqrar sahədə çalışan sahibkarlar və təsərrüfat sahibləri rayonda aqrar sahənin inkişafı ilə bağlı təkliflərini səsləndirib, qarşılaşdığı problemlər barədə məlumat veriblər.
Günün ikinci yarısında işçi qrupun daha bir görüşü Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin konfrans zalında keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Xaçmazın ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlardan biri olduğunu qeyd edərək, burada yaşayan əhalinin əksər hissəsinin təsərrüfatla məşğul olduğunu vurğulayıb.
Diqqətə çatdırılıb ki, ölkəmizin şimal qapısı sayılan Xaçmaz rayonunun sosial-iqtisadi həyatında baş verən genişmiqyaslı müsbət dəyişikliklər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olub. Azərbaycanın bölgələrinin, o cümlədən Xaçmaz rayonunun bugünkü inkişafa və tərəqqiyə çatmasında regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurla həyata keçirilməsi böyük rol oynayıb.
İşçi qrupun rəhbəri Azər Əmiraslanov məruzəsində ölkədə uğurla həyata keçirilən aqrar islahatlardan, kənd təsərrüfatının ənənəvi sahələrinin bərpası istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılan, 523 hektar sahəni əhatə edən “Yalama Aqropark”da işlər artıq yekunlaşmaq üzrədir. Aqroparkda müasir texnologiyanın tətbiqi ilə iribuynuzlu cins heyvandarlıq kompleksi qurulub.
Xaçmaz rayonunun əvvəllər keyfiyyətli meyvə-tərəvəz məhsullarının istehsalı üzrə ixtisaslaşdığı və bu gün də əkinçilik ənənələrinin davam etdiyi qeyd olunub. Bildirilib ki, aqrar sahənin inkişafı üçün ixtisaslaşma ilə yanaşı, bazarın formalaşması, iri fermer təsərrüfatlarının yaradılması, növbəli əkinə üstünlük verilməsi də vacibdir.
Ölkədə kənd təsərrüfatı sahəsində yeni mərhələnin başlandığını deyən A.Əmiraslanov qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı dövlət tərəfindən dəstəklənir. Bu dəstəyin səmərəli təşkili üçün yerlərdə olan qurumların üzərinə böyük məsuliyyət düşür.
Diskussiya şəraitində davam edən müşavirədə fermer və sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların təklifləri dinlənilib. Təsərrüfatçılar emal müəssisələrinin yaradılması, bəzi kəndlərdə suvarma suyu probleminin aradan qaldırılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli kreditlərin verilməsi və digər məsələlərlə bağlı təkliflər səsləndirilib.