REGİONLAR
Aqrobiznesdə uğur layihələri: Azərbaycanın ilk üzüm istixanası VİDEO
Bakı, 4 mart, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin aqrobiznesə ayırdığı güzəştli kreditlə yaradılan istixana Azərbaycanda ilk üzüm istixanasıdır.
Buraya qoyulan investisiyada sahibkar 28 faiz, Kənd Təsərrüfatı Nazirliyinin güzəştli krediti isə 72 faizlik paya malikdir. Dövlət dəstəyi ilə 2,5 hektar sahədə istixana qurulub, suvarma sistemi çəkilib, 2 su quyusu inşa edilib, su çəni və nasoslar alınıb, quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, istixanada “Red Globe” üzüm növü yetişdirilir. Həmtəsisçi Azər Yunusov deyir ki, üzüm istixanası kimi, bu növ də Azərbaycan üçün yenilikdir. “Red Globe” əkildikdən sonra on altıncı ayında bar verir. Məhsuldar olan bu sortun üstünlüklərindən biri də onun saxlanma şəraitidir. “Red Globe” ənənəvi üzüm növlərindən sonra yetişir və bazara çıxarılır.
“Bu üzüm sortunun Türkiyə və İtaliyada istixanalarda yetişdirildiyini görmüşdük. Türkiyədəki istixanalarda hər hektardan təxminən 80-120 ton məhsul götürürdülər. Məhsulu tingin üstündə ikinci ayın sonunadək saxlamaq mümkündür. Əsas üstün cəhətlərindən biri də odur ki, “Red Globe” üzümünü soyuducuda deyil, istixanada tingin üstündə saxlamaq mümkündür. Burada təxminən 8 minədək ting əkmişik. İnşallah, ildə 300 tondan çox üzüm yığmağı planlaşdırırıq”, - deyə o bildirib.