REGİONLAR
Aqrolizinq” ASC-nin fəaliyyət göstərdiyi 10 il ərzində 20 mindən çox kənd təsərrüfatı texnikası alınıb
Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) fəaliyyət göstərdiyi 10 il ərzində 20 mindən çox kənd təsərrüfatı texnikası alınıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 25-də “Aqrolizinq” ASC-nin yaradılmasının 10 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev qurumun gördüyü bu və digər işlərdən danışıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin 2004-cü il 23 oktyabr tarixli Sərəncamı əsasında yaradılan “Aqrolizinq” ASC-nin xətti ilə ötən illər ölkəmizə ən müasir kənd təsərrüfatı texnikaları gətirilib. Quruma həmin texnikanın lizinqə verilməsi ilə bərabər, məhsul istehsalçılarına mineral gübrələr, pestisidlər, texnoloji avadanlıqlar, tinglər, buğda toxumları, cins damazlıq heyvanlar və digər zəruri vasitələrin güzəştli şərtlərlə çatdırılması və kənd təsərrüfatında aqrotexniki xidmətlərin aparılması kimi funksiyalar da həvalə edilib.
Nazir müavini vurğulayıb ki, ötən müddət ərzində 20 mindən çox kənd təsərrüfatı texnikası alınıb, xaricdən 11 minə yaxın iribuynuzlu mal-qara, 2 mindən çox xırdabuynuzlu damazlıq heyvanlar gətirilərək güzəştli şərtlərlə fermerlərə satılıb.
Digər çıxış edənlər də qurumun fəaliyyətindən, kənd təsərrüfatı texnikalarının fiziki və hüquqi şəxslərə lizinqə verilməsində tətbiq olunan əlavə güzəştlərdən, dövlət başçısının aqrar sektora göstərdiyi diqqət və qayğıdan danışıblar.
Tədbirdə “Aqrolizinq” ASC-nin fəaliyyəti ilə bağlı film nümayiş etdirilib.
Sonda bir qrup əməkdaşa mükafatlar təqdim olunub.