MƏDƏNİYYƏT
Aqroturizm və ekoturizmin inkişaf imkanlarının qiymətləndirilməsi layihəsi başa çatıb
Bakı, 28 iyul, AZƏRTAC
“Vətəndaş Cəmiyyətinin Regionlarda İnkişafına Dəstək” İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Şəki-Zaqatala İqtisadi rayonunda aqroturizmin və ekoturizmin inkişaf imkanlarının qiymətləndirilməsi adlı layihənin icrasını uğurla başa çatdırıb. Layihə mayın 1-dən etibarən həyata keçirilib və 3 ay müddətində davam edib.
İB-dən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi Şəki, Qax və Oğuz rayonunun kənd yaşayış yerlərində aqroturizmin inkişaf imkanlarını qiymətləndirmək və alınmış nəticələrə əsasən, kənd sakinləri arasında (turistlər üçün ən cazibədar kəndlərdə) bu sahənin inkişafına dair təbliğat və təşviqat işlərinin aparılması olub.
Layihə kənd yerlərində aqroturizmin potensial imkanlarını müəyyən edərək bu sahənin inkişafı üçün sakinlər arasında izahat işlərinin aparılmasına və aqroturizmə marağın artırılmasına səbəb olub. Nəticədə kəndlərdə aqroturizm sahəsi ilə məşğul olanların qrupu formalaşdırılıb. Təşkilatın digər məqsədi də bu sahənin kəndlərdə inkişaf etdirilməsinə, kənd sakinləri arasında işsizliyin azalmasına və ailə büdcəsi üçün əlavə gəlir mənbəyinin yaranmasına təkan verməkdir.