ORDU
“Ərazi bütövlüyü və suverenlik uğrunda mübarizədə Azərbaycan ordusunun fədakarlığının təbliği” layihəsinin təqdimatı olub
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə “Ərazi bütövlüyü və suverenlik uğrunda mübarizədə Azərbaycan ordusunun fədakarlığının təbliği” layihəsinin təqdimatı keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Birliyin sədri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə, veteranların digər ictimai təşkilatlarının nümayəndələri, 701-ci briqadanın əsgər və zabitləri, digər şəxslər iştirak ediblər.
Təqdimat çərçivəsində gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə kömək göstərilməsi məsələsi və onun həllində meydana çıxan çətinliklər müzakirə olunub. KİV-lərin doğru-düzgün informasiya yaymasının vacib, habelə faktların, xüsusən Ermənistan–Azərbaycan münaqişəsinə dair tarixi faktların unudulmasının və bilərəkdən təhrif edilməsinin yolverilməz olduğu vurğulanıb.