DÜNYA
Ərəb Dövlətləri Liqası regionda müxtəlif böhranları həll etmək üçün səyləri birləşdirməyə çağırıb
Əmman, 30 mart, AZƏRTAC
İordaniya Kralı II Abdulla Ərəb Dövlətləri Liqasının (ƏDL) 28-ci sammitində terrorizmə və ekstremizmə qarşı mübarizə məsələlərinə toxunaraq xüsusi qeyd edib ki, əsasən müsəlmanlar terrorun qurbanlarına çevrilir. Onun sözlərinə görə, bu təhdidə qarşı səmərəli mübarizə aparmaq üçün ərəb ölkələri ilə dünyanın digər ölkələrinin səylərini birləşdirmək lazımdır.
Fələstin-İsrail münaqişəsinin nizamlanması məsələsinə toxunan Kral bildirib ki, Fələstin probleminin “iki dövlət” prinsipi üzrə tammiqyaslı ədalətli həlli olmadan Yaxın Şərqdə sülh və sabitliyə nail olmaq mümkün deyil, lakin İsrail öz fəaliyyəti ilə sülh prosesinin perspektivlərini pozmağa davam edir.
II Abdulla terrorizmə qarşı müharibəyə İraq hökumətinin də dəstəyini təsdiqləyərək bildirib ki, bu geniş əhatəli siyasi prosesə kömək edəcək. O, həmçinin Yəmən və Liviyada təhlükəsizliyin və sabitliyin təmin edilməsi səylərinə dəstəyini bildirərək, ərəb ölkələrinin daxili işlərinə kənardan müdaxilə olunmasına yol verməmək üçün mövcud problemlərin həlli yollarının axtarılmasının zəruri olduğunu vurğulayıb.
İordaniya Kralı Suriya probleminə toxunaraq ümidvar olduğunu bildirib ki, Suriyada siyasi prosesin həyata keçirilməsi üçün Cenevrə danışıqları müsbət nəticələr verəcək. O, xüsusi vurğulayıb ki, çoxlu sayda suriyalı qaçqın qəbul etməsi nəticəsində İordaniyanın üzərinə ağır yük düşüb.
Ərəb dövlətlərinin liderləri sammitdə çıxış edərək, terrorizmə və ekstremizmə qarşı mübarizədə səyləri birləşdirməyin əhəmiyyətini, Fələstin probleminin ədalətli həllinə müvəffəq olmağın zəruriliyini qeyd ediblər, habelə Suriya böhranının siyasi həllinin axtarılması, bu ölkədə milli birliyin bərpa olunması, terrorizmin və ekstremizmin kökünün kəsilməsi üçün maksimum səy göstərməyin vacib olduğunu vurğulayıblar. Ərəb dövlətlərinin liderləri diqqəti belə bir məsələ üzərində cəmləşdiriblər ki, ərəb ölkələrinin səylərinin əlaqələndirilməsi və birləşdirilməsi regionda, məsələn, İraq, Yəmən, Liviya və digər ölkələrdə müxtəlif problem və böhranların həllinin əsasını təşkil edir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman