CƏMİYYƏT
Ərəb Liqasının sabiq baş katibi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinə üzv seçilib
Bakı, 24 may, AZƏRTAC
Ərəb Liqasının sabiq baş katibi və Misirin keçmiş xarici işlər naziri Əmr Musa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinə üzv seçilib. Bu barədə AZƏRTAC-a Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini və özünün orada iştirakını yüksək dəyərləndirən Əmr Musa qeyd edib ki, bütün dünyada bir sıra qlobal problemlərin yaşandığı indiki dövrdə daim tolerantlığı, dialoqu və anlaşmanı təbliğ edən bu nüfuzlu qurumun İdarə Heyətinə qoşulmaq şərəfdir.
Əmr Musa ərəb dünyasının siyasi həyatında fəaliyyət göstərən ən nüfuzlu simalardan biri sayılır. O, Misir Ərəb Respublikasının BMT, Hindistan və İsveçrədəki səfiri olub. 1991-2001-ci illərdə Misirin xarici işlər naziri vəzifəsində çalışıb, Livanda vətəndaş müharibəsinin dayandırılmasında önəmli rol oynayıb. 2001-2011-ci illərdə isə Ərəb Liqasına rəhbərlik edən Əmr Musa Misir prezidentliyinə namizəd olub. 2013-cü ildə Misirin yeni Konstitusiyasını yazan 50 nəfərlik komitəyə rəhbərlik edib.