SİYASƏT
Ərəb jurnalisti Naxçıvandakı Heydər Əliyev Muzeyi barədə təəssüratlarını oxucularla bölüşüb
Əbu-Dabi, 3 noyabr, АZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin tanınmış “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsil oktyabrın 4-dən 9-dək Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Noyabrın 2-də Şərif Əl-Bəsilin “Böyük işləri böyük şəxsiyyətlər yaradırlar. Heydər Əliyev Muzeyi. Naxçıvanda Azərbaycan adlı Vətənin işıqlı xatirəsi” sərlövhəli məqaləsi “Əl-Fəcr” qəzetinin çap və elektron versiyalarında işıq üzü görüb.
Məqalədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid fotoşəkillər yerləşdirilib. Müəllif məqalənin əvvəlində haşiyə çıxaraq yazır: “Fenomenal insan. Nailiyyətləri dağlar boydadır. Zirvə ONUN yanına gəlməyib. Məhz ÖZÜ zirvəni fəth edib. Öz səyləri və yorulmaz fəaliyyəti ilə davamlı və sərhəd tanımayan uğurlara imza atmaqla şan-şöhrət qazanıb, yüksək postlar tutub. Doğma Vətəni və ölkəsinin gələcəyi naminə yüksək əzmkarlıq göstərərək hərtərəfli düşüncəsinin məhsulu olan hədəfləri müəyyənləşdirib və onlara çata bilib. Xalqı onun quruculuq və inkişafdakı önəmli roluna inanırdı. O insan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. Ulu Öndər prezidentliyi dövründə Vətənin inkişafı və xalqa xidmət kimi ali missiyanı həyata keçirib. Azərbaycan xalqı ümumən və Naxçıvan əhalisi xüsusən dövlətin qurucusu olan ulu öndər Heydər Əliyevlə fəxr etmək və xatirəsini yüksək tutmaq haqqına sahibdir. Çünki Heydər Əliyev Azərbaycanın müstəqilliyini irəli aparıb, dahi şəxsiyyətin əziz xatirəsi Vətənin hər qarışında əbədiləşdirilib və xalqın qəlbində yaşayır. Ulu Öndərin Vətəni naminə fəaliyyətinin əbədiləşdirilməsi məqsədilə doğulduğu Naxçıvanda adını daşıyan muzey yaradılıb”.
Oxuculara ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verən müəllif diqqətə çatdırır ki, uşaqlıqdan incəsənətə meyl göstərən bu dahi şəxsiyyət Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra dövlət təhlükəsizlik orqanlarında işə başlayıb və yüksək vəzifələr tutub. Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə aparılan geniş tikinti-quruculuq işləri zamanı memarlıq sahəsində biliklərinə əsaslanaraq, memarlara öz tövsiyələrini verib. Ümummilli lider Heydər Əliyev keçmiş SSRİ-nin ali postlarından biri olan Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyib.
Şərif Əl-Bəsil məqaləsində Heydər Əliyev Muzeyinin tarixindən söhbət açıb. Qeyd edib ki, 1999-cu ildə yaradılan muzeydə ulu öndər Heydər Əliyevin Azərbaycana və Naxçıvana rəhbərliyi dövrünə aid eksponatlar nümayiş olunur. Burada, həmçinin dahi şəxsiyyətin həyat və fəaliyyətindən, ölkəsinin müstəqilliyi naminə gördüyü işlərdən bəhs edən nəşrlərin toplandığı kitabxana yerləşir. Bu kitablarda Ulu Öndərin Şərq, o cümlədən İslam dövlətləri ilə əlaqələrə dair strategiyası da əksini tapıb.
Muzeydə Şərif Əl-Bəsilin diqqətini ümummilli lider Heydər Əliyevin ordu quruculuğu və digər sahələrdə gördüyü işləri əks etdirən sənədli filmlər, dahi şəxsiyyətin öz əli ilə yazdığı, Vətəninə sevgisini ifadə edən sənədlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən ordu quruculuğu, iqtisadiyyat və digər sahələrdə qəbul etdiyi mühüm qərarlar toplusu da cəlb edib. O, məqaləsində bu eksponatlar barədə təəssüratlarını oxucularla bölüşüb.
Məqalənin sonunda Vətəni üçün gördüyü misilsiz işlərin dahi şəxsiyyət Heydər Əliyevə böyük xalq sevgisi qazandırdığı diqqətə çatdırılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi