MƏDƏNİYYƏT
Ərəb ölkələri liqası nəzdində Əlyazmalar İnstitutunun direktoru Azərbaycan Milli Kitabxanasında olub
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də Ərəb ölkələri liqası nəzdində Əlyazmalar İnstitutunun direktoru Feysəl Əl-Hafyan Azərbaycan Milli Kitabxanasında olub. Qonaq kitabxananın direktoru Kərim Tahirovla görüşüb.
Milli Kitabxanadan AZƏTAC-a bildirilib ki, kitabxana haqqında ətraflı məlumat verən K.Tahirov xarici ölkə kitabxanaları ilə birgə layihələrindən söhbət açıb.
Rəhbərlik etdiyi institut haqqında danışan Feysəl Əl-Hafyan Milli Kitabxananın nəşrləri ilə maraqlanıb.
Görüşdə Ərəb ölkələri liqası nəzdində Əlyazmalar İnstitutu ilə Azərbaycan Milli Kitabxanası arasında əlaqələrin yaranmasının zəruriliyi bildirilib, kitabxanada ərəb dilində yazan Azərbaycanlı müəlliflərin əsərlərindən ibarət sərginin təşkili və beynəlxalq elmi konfransın keçirilməsi müzakirə olunub.
Sonda qonağa Azərbaycan haqqında kitablar hədiyyə olunub.