ELM VƏ TƏHSİL
Ərəbdilli abidələrin tədqiqi istiqamətində elmi araşdırmalar aparılır
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunun ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin əsas fəaliyyət istiqaməti Azərbaycan və başqa müsəlman xalqlarının bu elm müəssisəsində saxlanılan ərəbdilli abidələrinin tədqiqi və nəşri, mənbəşünaslığın elm və mədəniyyət tarixinə aid müxtəlif məsələlərinin, islamşünaslıq problemlərinin tədqiqi, klassik əsərlərin elmi-tənqidi mətnlərinin hazırlanmasıdır.
AZƏRTAC xəbər verir ki, şöbədə institutda saxlanılan ərəbdilli əlyazmaların üçcildlik kataloqu nəşr edilib. Hazırda sonrakı cildlər üzərində iş gedir. Şöbənin əməkdaşları ayrı-ayrı orta əsr ərəbdilli yazılı abidələrinin filoloji-tekstoloji tədqiqi, Azərbaycan arxeoqrafiya və paleoqrafiyasının aktual problemləri, orta əsr mətnşünaslıq məsələlərinin nəzəri əsaslandırılması və praktiki icrası, elm və ədəbiyyat tarixinə dair mühüm abidələrin elmi tənqidi mətnlərinin tərtibi və faksimile nəşri, tərcümə abidələrinin öyrənilməsi istiqamətində işləyirlər. İlahiyyat elmləri ilə bağlı olan çoxsaylı ərəbdilli yazılı abidələrin tədqiqi və nəşri sahəsində aparılan araşdırmalar da şöbədə əsas yer tutur. Burada islamşünaslığın ayrı-ayrı məsələləri, bu sahədə fəaliyyət göstərmiş orta əsr Azərbaycan alimləri və onların elmi irsi üzərində sanballı elmi araşdırmalar aparılır.