İDMAN


Arena Polo üzrə Dünya Kuboku yarışlarına yekun vurulub

A+ A

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycanın polo üzrə “Gilan Holdinq” komandası Bakıda keçirilən “CBC Sport” Arena Polo üzrə Dünya Kuboku yarışlarının finalında İspaniyanın “Bogner” klubuna 4:5 hesabı ilə uduzaraq ikinci yerlə kifayətlənməli olub. Komandamızın heyətində Elçin Camallı, Rəşad Həsənov və Avqustin Kronhaus çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və Beynəlxalq Polo Federasiyasının (BPF) birgə təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində təşkil edilən Arena Polo üzrə Dünya Kuboku yarışlarına yekun vurulub. Üçüncü yer uğrunda qarşılaşmada Argentinanın “İtaldizain Group” komandası İsveçrənin “Badrutt's Palace” kollektivinə 8:7 hesabı ilə qalib gəlib.

Yarışlardan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Komandalara mükafatlar və kuboklar təqdim olunub. Komandaların üzvlərinə medalları və kuboku ARAF-ın prezidenti Elçin Quliyev, BPF-nin prezidenti Reto Gaudenzi və digər şəxslər təqdim ediblər.

Xatırladaq ki, sentyabrın 9-dən 11-dək keçirilən Dünya Kuboku yarışlarında dörd beynəlxalq peşəkar komanda -“Gilan Holding” (Azərbaycan) “İtaldizain Group” (Argentina), “Badrutt Palace St. Moritz” (İsveçrə) və “Bogner” (İspaniya) mübarizə aparıb. Oyunları İngiltərə, Almaniya, Argentina və İsveçrədən dəvət olunan beynəlxalq hakimlər idarə ediblər.

Qədim çövkən oyunun vətəni olan Azərbaycan 2013-cü ildən etibarən Beynəlxalq Polo Federasiyasının üzvüdür. Son üç ildə Bakıda atçılığın polo növü üzrə iki dəfə dünya kuboku yarışları təşkil olunub. Bu il isə Azərbaycan arena polo üzrə birinci Avropa çempionatına ev sahibliyi edib. Qitə çempionatında Azərbaycan komandası qalib gəlib.

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Arena Polo üzrə Dünya Kuboku yarışının media tərəfdaşlarından biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.