SİYASƏT


Argentina Azərbaycan ilə iqtisadi və mədəni əməkdaşlığı genişləndirməkdə maraqlıdır

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri xanım Patrisia Ximenezin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqları səmimi salamlayan Bahar Muradova Azərbaycan parlamentinin fəaliyyəti, qəbul edilən qanunvericilik aktları, rəhbərlik etdiyi komitənin işi barədə məlumat verib.

Qeyd olunub ki, Azərbaycan regionun lider dövlətidir. Müstəqilliyini bərpa etdiyi qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan ölkəmizdə iqtisadi islahatlar uğurla həyata keçirilir. Azərbaycan-Argentina münasibətlərinin yüksək səviyyədə olduğunu deyən Bahar Muradova bu sahədə parlament dostluq qruplarının rolundan söz açıb.

Qonaqlara Azərbaycanın ən ağrılı problemi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Milli Məclis sədrinin müavini bu münaqişə nəticəsində bir milyondan artıq insanın doğma vətənində məcburi köçkünə çevrildiyini deyib. Problemin bütün regionun təhlükəsizliyini təhdid altında saxladığını diqqətə çatdırıb. Argentinanın da eyni tipli problem yaşadığını bildirən Bahar Muradova bütün ölkələrin humanitar fəlakətlərin qarşısını almaq üçün beynəlxalq hüquqi dəyərlər uğrunda birləşməli olduğunu vurğulayıb.

Səmimi görüş və qonaqpərvərlik üçün minnətdar olduğunu bildirən Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri xanım Patrisia Ximenez səfər çərçivəsində Azərbaycanda keçirəcəyi görüşlərin əhəmiyyətli olacağına ümid etdiyini vurğulayıb. Qonaq ölkəmizdə müşahidə etdiyi iqtisadi inkişafdan, yenidənqurma və bərpa işlərindən, ekoloji mühitin qorunması sahəsində tərəqqidən məmnunluğunu ifadə edib və Argentinanın Azərbaycan ilə iqtisadi və mədəni əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib. O, əlaqələrimizin daha da inkişafı üçün parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivləşməsinin vacibliyini bildirib.

Görüşdə Azərbaycanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov, Argentinanın ölkəmizdəki səfiri Karlos Dante və digər rəsmi şəxslər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.