İQTİSADİYYAT
Argentina Azərbaycan ilə ticarətin müxtəlif istiqamətləri üzrə əməkdaşlıqda maraqlıdır
Bakı, 22 may, Samirə Quliyeva, AZƏRTAC
Biz “World Food Azerbaijan-2015” XXI Azərbaycan Beynəlxalq qida sənayesi və “Caspian Agro-2015” IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgilərində ilk dəfə iştirak edirik. Azərbaycan Argentina biznesi üçün yeni bazardır. Bəzi şirkətlər artıq bu bazarı öyrənməyə başlayıb və yerli şirkətlərlə əməkdaşlıq əlaqələri qurublar. Argentinada qida sənayesi çoxşaxəlidir və ölkəmiz Azərbaycan ilə ticarətin müxtəlif istiqamətləri üzrə əməkdaşlıqda maraqlıdır.
Bu sözləri AZƏRTAC-a Argentina səfirliyinin Azərbaycanda missiya rəhbərinin müavini Qabriel Alexandro Xorkera bildirib.
Missiya rəhbərinin müavini qeyd edib ki, bir çox sahibkarlar üçün bu sərgidə müstəqil şəkildə iştirak etmək çətindir, lakin ziyarətçilər Argentina stendində bütün zəruri məlumatları əldə edə bilərlər: “Biz Azərbaycan bazarında fəaliyyət göstərmək istəyən Argentina şirkətlərinə kömək edirik. Məhsullarımızın çeşidlərinə heyvandarlıq, bitki, dəniz məhsulları və müxtəlif balıq növləri daxildir. Həmçinin bizim istehsalçılar bir çox təzə meyvə çeşidini də ixrac edirlər. Bundan başqa, Azərbaycanda qənnadı məmulatlarının istehsalı üzrə yaxşı imkanlara malikik. Azərbaycan istehlakçıları Argentinada istehsal edilmiş qida məhsulları barədə o qədər də geniş məlumata malik deyil. Biz bu problemi tədricən həll etmək və əməkdaşlığı genişləndirmək məqsədi ilə geniş ictimaiyyətin marağını cəlb etmək niyyətindəyik”.