SİYASƏT
Argentina agentliyinin yaydığı məqalədə Azərbaycandakı tolerantlıqdan bəhs edilir
Bakı, 27 aprel, AZƏRTAC
Argentinanın “Agencia AJN” xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanovun “Bizim ölkəmizdə məscidlər və sinaqoqlar eyni küçədə yerləşir” adlı məqaləsini yayıb.
Məqalədə əhalisinin böyük əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycanda müsəlmanlarla yanaşı, yəhudilər, pravoslavlar və katoliklərin mehribanlıq və dostluq şəraitində yaşadıqları, Azərbaycan əhalisinin digər dinlərə etiqad edən şəxslərə qarşı hər zaman tolerant olduğu və məscidlərlə yanaşı, sinaqoqlara, kilsələrə də hökumət tərəfindən maddi dəstəyin göstərildiyi qeyd olunur.
Bildirilir ki, XVIII əsrdən etibarən 4 minə yaxın dağ yəhudisinin sıx məskunlaşdığı “Qırmızı Qəsəbə”də uzun illərdir yəhudilər azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycan dinlərə fərq qoymadan digər icmalara münasibətinə görə dünya ölkələrinə nümunə ola bilər.
Məqalədə səfir Rəşad Aslanov tolerantlığın Azərbaycan xalqının həyat tərzi olduğunu qeyd edərək, hər il Bakıda keçirilən Beynəlxalq Humanitar Foruma müxtəlif ölkələrdən çoxsaylı nümayəndə heyətinin gəldiyini vurğulayır.