DÜNYA
Argentina: iki helikopterin toqquşması nəticəsində tanınmış idmançılar həlak olub VİDEO
Bakı, 10 mart, AZƏRTAC
Argentinanın La-Roxa əyalətinin rəhbərliyinin bəyanatında ümumilikdə on nəfərin, səkkiz Fransa və iki Argentina vətəndaşının həyatına son qoyan faciənin helikopterlərin havaya qalxdıqdan bir qədər sonra toqquşması nəticəsində baş verdiyi bildirilir.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, ölkənin şimalında ekstremal realiti-şounun çəkilişləri zamanı toqquşan iki helikopterin göyərtəsində şou iştirakçıları və çəkiliş qrupunun üzvləri olub. Qəzadan sağ qurtaran olmayıb.
Həlak olanlar arasında tanınmış idmançılar - Fransanın üzgüçülük üzrə yığma komandasının üzvü, 2012-ci il olimpiya çempionu 25 yaşlı Kamil Myuffa, 1990-cı ildə yelkənli qayıqla Aralıq dənizini təkbaşına 22 saatdan bir qədər artıq vaxt ərzində qət edərək dünya rekordunu təzələmiş 57 yaşlı Florans Arto və 2008-ci il olimpiya oyunlarının bürünc mükafatçısı, boksçu Aleksis Vasten də var.
Sinoptiklərin məlumatına görə, helikopterlərin uçuşu zamanı hava şəraiti qənaətbəxş olub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.